“Vətəndaş Cəmiyyəti institutlarının uğrunda çox çalışdıqları qanun nəhayət qəbul edilib. Bundan sonra əhalinin həssas qruplarına aid olan şəxslərə mülki işlərdə vəkillər tərəfindən dövlət hesabına pulsuz hüquqi yardım göstəriləcək”.

Bu sözləri "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, qanunda bu şəxslərin dairəsi genişdir, yığcam olaraq aşağıdakı belə qruplaşdırmaq olar: “İnsan alveri qurbanları və məişət zorakılığından əziyyət çəkmiş, əlilliyi müəyyən edilmiş və işləməyən, əlilliyi müəyyən edilmiş 18 yaşına qədər, işsiz kimi qeydiyyatda olan, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar, ünvanlı dövlət sosial yardım alan ailələrin üzvləri ayırmaq olar. Bu sadalanan şəxslərə dövlət hesabına hüququ yardımın göstərilməsi bu şəxslərə məhkəməyə qədər QHT-lər tərəfindən göstərilən pulsuz hüquqi yardımın davamını təmin etməyə və onların hüquqlarının müdafiəsinin səmərəliliyinin yüksəldilməsinə şərait yaradır”.

 

Pərvanə Fərhadqızı