Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi “İnformasiya hüququ fundamental insan hüquq və azadlığı kimi: elmi-maarifləndirmə təşəbbüsləri” adlı layihənin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
QHT.az xəbər verir ki, layihənin məqsədi informasiya hüququnun fundamental insan hüquq və azadlığı kimi ətraflı şəkildə təhlil olunması, ölkəmizin informasiya təhlükəsizliyi nəzərə alınmaqla Açıq Hökumətin əsas komponenti olan informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə onlayn hüquqi elmi-maarifləndirmə tədbirlərinin təşkil olunmasıdır. Bakı şəhərində həyata keçiriləcək layihə 2 ay müddətində davam edəcək.
Layihə çərçivəsində “İnformasiya hüququ” adlı elektron kitabın hazırlanması və vəsaitin internet üzərindən elektron formada yayımlanması nəzərdə tutulur. Özündə beynəlxalq və milli hüquqi bilgiləri əks etdirən elektron kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, Bakı Avrasiya Universitetinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidov, elmi redaktoru isə hüquq üzrə elmlər doktoru Mətanət Əsgərovadır.
Qeyd edək ki, informasiya hüququ sahəsində məlumat əldə etmək istəyən internet istifadəçiləri və sosial şəbəkə istifadəçiləri, jurnalistlər, informasiya hüququ sahəsində elmi araşdırma aparan elm adamları, hüquqşünaslar və geniş ictimaiyyyət elektron kitab əldə etmək imkanı qazanacaqlar.
Pərvanə Fərhadqızı












