Yeni araşdırmaya görə, uzun müddət tək işləmək və sosial ünsiyyətin azalması psixi sağlamlığa mənfi təsir göstərə bilər. Xüsusilə tək yaşayan və evdən işləyən insanlarda sosial təcrid daha çox müşahidə olunur.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmada 10 ildən artıq müddətdə aparılmış milli sorğuların məlumatları təhlil edilib. Nəticələr göstərib ki, tək yaşayan və uzaqdan işləməyə uyğun sahələrdə çalışan şəxslər günlərin 25 faizini heç kimlə sosial əlaqə yaratmadan keçirirlər. Bu göstərici ənənəvi, ofisdə işləməyi tələb edən peşələrdə çalışanlarla müqayisədə iki dəfədən çoxdur.
Mütəxəssislər bildirirlər ki, problemin həlli yalnız ofisə qayıtmaqla bağlı deyil. Psixoloq Konstans Nunan Hedlinin sözlərinə görə, insanın ofisdə olması onun mütləq sosial və sağlam münasibətlər qurduğu anlamına gəlmir. Əsas məsələ insanın özünü dəyərli və başa düşülən hiss etdiyi mühitdə vaxt keçirməsidir.
Araşdırmaya görə, pandemiyadan sonra psixoloji narahatlıq səviyyəsindəki dəyişiklik tək yaşayan və uzaqdan işləməyə uyğun peşələrdə çalışan şəxslərdə başqaları ilə yaşayan insanlarla müqayisədə iki dəfə çox olub.
Mütəxəssislər evdən işləyənlərin iş günündə sosial əlaqələr yaratmasını tövsiyə edirlər. Bunun üçün həmkarlarla görüşmək, dostlarla vaxt keçirmək, kovorkinq məkanlarında işləmək və müxtəlif sosial tədbirlərə qatılmaq mümkün variantlar kimi göstərilir.
Ekspertlər vurğulayırlar ki, sosial ünsiyyət mütləq ofisdə baş verməli deyil. Əsas məqsəd insanın özünü təcrid olunmuş hiss etməsinin qarşısını almaq və gündəlik həyatda balans yaratmaqdır.
Zəhra Mansırova






