2027-ci ilin ilkin büdcə göstəricilərində diqqətimi çəkən mühüm məqamlardan biri vergi daxilolmaları ilə bağlıdır.

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 18,43 milyard manat daxilolma proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş göstəricisindən təxminən 9% çoxdur. Ən maraqlısı isə odur ki, bu vəsaitin 14,85 milyard manatı, yəni 80,6%-i qeyri-neft-qaz sektorunun payına düşməlidir.

Burada iqtisadi baxımdan maraqlı bir sual yaranır:

2026-cı ilin yanvar–avqust aylarında ÜDM artımı cəmi 1,2%, qeyri-neft-qaz sektorunda artım isə 2,1% olduğu halda, vergi daxilolmalarının 9% artırılması hansı mənbələr hesabına təmin ediləcək?

Məncə, əlavə vergi gəlirlərinin əsas mənbəyi mövcud vergi ödəyicilərinin üzərinə daha çox yük qoymaq olmamalıdır. Əksinə, əsas ehtiyat kölgə iqtisadiyyatının daraldılması, qeyri-rəsmi məşğulluğun azaldılması, dövriyyələrin şəffaflaşdırılması və vergi bazasının genişləndirilməsidir.

Digər tərəfdən, rəqəmləri müqayisə edərkən nəzərə almaq lazımdır ki, ÜDM-in 1,2%-lik artımı real, vergi daxilolmalarının 9%-lik artımı isə nominal göstəricidir. İnflyasiya və qiymət artımları da vergi daxil olmalarının nominal həcmini yüksəldə bilər. Buna görə 9%-lik artımın hamısını iqtisadi fəallığın yüksəlməsi kimi qiymətləndirmək düzgün olmaz.

Əsas hədəf daha çox vergi toplamaqdan çox, daha geniş və ədalətli vergi bazası yaratmaq olmalıdır. Şəffaf fəaliyyət göstərən biznesin yükünü artırmadan vergidən yayınan iqtisadi fəaliyyətin leqallaşdırılması həm büdcə gəlirlərini artıra, həm də sahibkarlar arasında daha bərabər rəqabət mühiti yarada bilər.

İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli