2027-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb. Rəqəmlərə baxdıqda büdcə siyasətində bir neçə mühüm məqam diqqəti cəlb edir.

-Gəlirlər – 39,234 milyard manat

  • Xərclər – 42,4 milyard manat
  • Büdcə kəsiri – 3,166 milyard manat və ya proqnozlaşdırılan ÜDM-in 2,2%-i.

2026-cı ilin təsdiqlənmiş göstəriciləri ilə müqayisədə gəlirlərin 1,6%, xərclərin isə 1,7% artması nəzərdə tutulur.

Məncə, daha vacib göstərici büdcə gəlirlərinin strukturudur. Gəlirlərin 23,754 milyard manatı – 60,5%-i qeyri-neft-qaz sektorundan, 15,48 milyard manatı – 39,5%-i isə neft-qaz sektorundan formalaşmalıdır. Bu nisbət dövlət maliyyəsinin qeyri-neft mənbələrinə söykənməsinin gücləndirilməsi istiqamətində mühüm göstəricidir.

Digər diqqətçəkən məqam Dövlət Neft Fondundan büdcəyə transfertin 11,9 milyard manat nəzərdə tutulmasıdır. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozundan 7,3% azdır və büdcə gəlirlərinin 30,3%-nə bərabərdir.

Büdcə hesablamalarında neftin bir barelinin qiymətinin 65 dollar götürülməsi də fiskal baxımdan ehtiyatlı yanaşmanın davam etdiyini göstərir.

2027-ci ilin xərc siyasətində isə iqtisadi artımın dəstəklənməsi, sahibkarlıq və yerli istehsal, müdafiə qabiliyyəti, azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması, sosial müdafiə, rəqəmsallaşma və süni intellekt, həmçinin yaşıl enerji əsas prioritetlər sırasında qalır.

Mənim fikrimcə, 2027-ci il büdcəsinin əsas çağırışı sadəcə xərclərin artırılması deyil, hər büdcə manatının iqtisadi artıma və əlavə dəyərin yaradılmasına təsirinin yüksəldilməsi olmalıdır. Xüsusilə qeyri-neft sektorundan daxilolmaların artması gələcək illərdə neft gəlirlərindən asılılığın daha da azalması üçün əsas şərtlərdən biridir.

Büdcənin böyüklüyündən daha vacib məsələ onun iqtisadiyyatda hansı nəticəni yaratmasıdır.

İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli