Belçikalı avtomobil satıcısı Klément Vandenkerkxove 26 yaşında Şahzadə Loranın oğlu kimi rəsmi tanındıqdan sonra şahzadə titulunu alıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, Klémentin anası, belçikalı müğənni Vendi Van Vanten, 1990-cı illərdə Şahzadə Loranla münasibətdə olub və oğluna atasının kim olduğunu yalnız 16 yaşında açıqlayıb.
DNT testinin nəticələrindən sonra təxminən altı ay əvvəl keçirilən sadə mərasimdə Loran atalığını rəsmiləşdirib. Bununla Klément Loranın digər övladları ilə bərabər onun şəxsi mirasında pay hüququ qazanıb. Lakin o, kral ailəsinə ayrılan dövlət vəsaiti almayacaq, rəsmi vəzifələr daşımayacaq və Belçika taxtına varislik hüququ olmayacaq.
Klément atasının Saxe-Coburg soyadını götürə bilsə də, anasının ona verdiyi Vandenkerkxove soyadını qorumaq istədiyini bildirib.
O, 2000-ci ildə anadan olub. Anası ilə Şahzadə Loran Parisdə keçirilən moda nümayişində tanış olsalar da, münasibətləri uzun sürməyib.
Klément dörd il əvvəl atası ilə əlaqə saxlayıb və Loran DNT testi verməyə razılaşıb. Atalıq təsdiqləndikdən sonra onların arasında açıq və səmimi münasibət formalaşıb.
Bu, Belçika kral ailəsində ilk belə hadisə deyil. Loranın atası, keçmiş kral II Albert də 2020-ci ildə nikahdankənar qızı Delfin Boelin atası olduğunu qəbul etmiş, Delfin isə məhkəmə qərarı ilə şahzadə titulunu almışdı.
Zəhra Mansırova






