"Büdcədən İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin artması avtomatik olaraq ipoteka kreditlərinin də artacağı anlamına gəlmir. Burada əsas məsələ vətəndaşların kredit götürmək imkanının real olaraq nə qədər geniş olmasıdır. Mənzil qiymətlərinin yüksəkliyi, ilkin ödəniş üçün tələb olunan vəsaitin toplanmasının çətinliyi və ailələrin aylıq gəlirlərinin kredit ödənişlərinə tam uyğun gəlməməsi tələbi məhdudlaşdıran əsas amillərdəndir".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli QHT.az-a açıqlamasında bildirib.

A.Nəsirlinin sözlərinə görə, ipoteka kreditlərində əsas problem yalnız faiz dərəcəsi deyil:

"Hazırda adi ipoteka üzrə maksimal faiz dərəcəsi illik 8 faiz, güzəştli ipoteka üzrə isə 4 faizdir. Müddət 30 ilədək ola bilər və güzəştli ipotekada minimal ilkin ödəniş 10 faiz təşkil edir. Buna baxmayaraq, əsas problem təkcə faiz dərəcəsi deyil, mənzilin ümumi qiyməti və vətəndaşın ilkin ödənişi qarşılamaq imkanındadır. Üstəlik, kredit üzrə aylıq ödəniş borcalanın məcmu aylıq gəlirinin 70 faizindən çox olmamalıdır".

Akif Nəsirli bildirib ki, ipotekanın daha geniş əhali qrupuna çatması üçün əlavə mexanizmlər tətbiq olunmalıdır:

"Ona görə də ipoteka sisteminin daha geniş əhali qrupuna çatması üçün aşağı gəlirli ailələrə daha çevik zəmanət mexanizmlərinin tətbiqi, ilkin ödəniş yükünün azaldılması, güzəştli ipotekanın əhatə dairəsinin genişləndirilməsi və münasib qiymətli mənzil təklifinin artırılması vacibdir. Xüsusilə regionlarda daha ucuz mənzil fondunun formalaşdırılması ipotekanın əlçatanlığını ciddi şəkildə yüksəldə bilər".

İqtisadçı vurğulayıb ki, dövlət vəsaitinin artırılması ilə yanaşı, onun düzgün istiqamətləndirilməsi də vacibdir:

"Burada dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə yanaşı, həmin vəsaitin bazarda real tələb yaradan mexanizmlərə yönəldilməsi də önəmlidir. Əks halda, Fondun maliyyələşməsi artsa belə, yüksək mənzil qiymətləri ilə əhalinin gəlir imkanları arasındakı fərq ipoteka kreditləşməsinin genişlənməsinə mane olaraq qala bilər".

A.Nəsirli qeyd edib ki, maliyyələşmə imkanlarının mövcudluğu tələbin yetərli olması anlamına gəlmir:

"2026-cı ilin ilk yarısında Fond xətti ilə 226,3 milyon manat ipoteka krediti verilməsi də göstərir ki, maliyyələşmə imkanları olsa da, bazarda tələb və ödəmə qabiliyyəti ayrıca məhdudlaşdırıcı amil olaraq qalır".

Fatimə Nəbiyeva