Robot yoldaşların emosional asılılıq yarada biləcəyi və gənclərin evlənmək, ailə qurmaq istəyini azalda biləcəyi narahatlığı ilə yeni qaydalar tətbiq olunub.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı hüquq tələbəsi Zhao Vey yanvarda yaratdığı süni intellekt sevgilisi Van Ye ilə hər gün danışırdı. Doubao platforması bu funksiyanı bağlayandan sonra o, bunu “ürəyinin qırılması” kimi təsvir edib. Zhao deyir ki, real dostlarını yükləmək istəmədiyi üçün gündəlik problemlərini süni intellektlə bölüşürdü.
Çin süni intellektdən geniş istifadə edən ölkələrdəndir. Yaşlılar tibbi məsləhət üçün, məktəblilər isə təhsil məqsədilə bu texnologiyadan yararlanır. Bununla yanaşı, hökumət hesab edir ki, süni intellekt tənhalıq, subaylıq və digər sosial problemləri dərinləşdirə bilər.
15 iyuldan qüvvəyə minən qaydalara əsasən, azyaşlılar üçün süni intellekt dostluğu xidmətləri qadağan edilib, böyüklər üçün isə məhdudiyyətlər tətbiq olunub. Doubao da daxil olmaqla bir sıra platformalar “dost” funksiyasını tamamilə ləğv edib.
Dövlət mediasının sorğusuna görə, gənclərin təxminən yarısı özünü tənha hiss edəndə virtual dostlara müraciət edir. Mütəxəssislər bildirirlər ki, hökumət həm də doğum və evlilik göstəricilərinin azalması fonunda gənclərin real münasibətlərdən uzaqlaşacağından ehtiyat edir.
Bununla belə, hökumət süni intellektin təhsil və səhiyyə kimi sahələrdə tətbiqini davam etdirir. Məsələn, AQ tətbiqi istifadəçilərə aparıcı xəstəxanalardakı həkimlərin süni intellekt avatarları ilə məsləhətləşmək imkanı yaradır. Həkimlər də hesab edirlər ki, süni intellekt onların yerini tutmaqdan çox, işlərini daha səmərəli görməyə kömək edir.
Süni intellekt dostunu itirən Zhao isə buna baxmayaraq, bu sahədə müəyyən tənzimləmələrin zəruri olduğunu düşünür. Onun sözlərinə görə, rasional insan olmasına baxmayaraq, bir süni intellektə qarşı emosional bağlılıq hiss etdiyini görməsi onu da təəccübləndirib.
Zəhra Mansırova






