Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 237,8 milyon manat kredit verilib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 20,8 % azalaraq 204,1 milyon manat olub. İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 18,9 % azalaraq 300 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli QHT.az-a açıqlama verib.
X.Kərimlinin sözlərinə görə, istiqrazların azalması Fondun resurslarına təsir edib:
“İstiqrazların həcminin 18-19 faiz azalması təxminən 70 milyon manat vəsait itkisi deməkdir. Eyni zamanda, Fondun dövlət büdcəsindən aldığı vəsait 30,19 faiz artıb ki, bu da təxminən 16 milyon manat əlavə vəsait deməkdir. Beləliklə, Fondun istiqrazlar vasitəsilə cəlb etdiyi vəsait 70 milyon manat azaldığı halda, dövlət büdcəsindən ayrılan vəsait 16 milyon manat artıb. Nəticədə Fondun ümumi resursları təxminən 54 milyon manat azalıb”.
Xalid Kərimli bildirib ki, dövlət vəsaiti sosial ipotekaya, kommersiya ipotekası isə Fondun öz resurslarına əsaslanır:
“Dövlət tərəfindən ayrılan vəsait sosial ipotekanın maliyyələşdirilməsinə yönəldilir. Hazırda 3,74 faizlə verilən sosial ipoteka kreditlərinin maliyyə mənbəyi dövlət büdcəsidir. Kommersiya şərtləri ilə verilən ipoteka kreditlərinin maliyyələşdirilməsini isə Fond özü həyata keçirir. Bunun üçün Fond borclanır, əvvəlki kreditlər üzrə geri qaytarılan vəsaitləri toplayır və həmin resursları yenidən kreditləşməyə yönəldir. İstiqrazların həcminin azalması isə Fondun daha az vəsait cəlb etməsinə səbəb olub”.
İqtisadçı vurğulayıb ki, Fondun maliyyə imkanları məhduddur və onun özünü maliyyələşdirməsi vacibdir:
“Fondun resurslarının məhdud olması dövlətin maliyyə imkanlarının da məhdudluğu ilə əlaqələndirilir. Dövlət İpoteka Fondunun həcmini istənilən səviyyədə artırmaq imkanına malik deyil. Fondun əsas gücü özünü maliyyələşdirmə qabiliyyətindən irəli gəlir”.
Xalid Kərimli kommersiya banklarının ipoteka kreditləşməsində roluna da toxunub:
“Kommersiya banklarının da ipoteka kreditləşməsində iştirak etməli olduğu, lakin bu kreditlər üzrə faizlərin daha yüksək olduğu bildirilir”.
İqtisadçı bildirib ki, Mərkəzi Bankın göstəricilərinə əsasən, ipoteka kreditlərinin əlçatanlığı qənaətbəxşdir:
“Mərkəzi Bankın maliyyə sabitliyi hesabatına əsasən, əhalinin aylıq orta ipoteka ödənişinin sərəncamda qalan gəlirə nisbəti əlçatanlıq baxımından qənaətbəxş hesab olunur. Sərəncamda qalan orta aylıq gəlirin aylıq orta ipoteka ödənişinə nisbəti 136 faiz təşkil edir. Qlobal praktikada bu göstəricinin 100 faizdən aşağı olması ipoteka kreditlərinin əlçatan sayılması ilə əlaqələndirilir”.
X.Kərimlinin sözlərinə görə, fərdi gəlirlər fərqli olsa da, ümumi statistika ipotekanın əlçatan olduğunu göstərir:
“Bununla belə, ayrı-ayrı şəxslərin gəlir səviyyəsindən asılı olaraq ipoteka ödənişlərini qarşılamaq imkanları fərqli ola bilər. Ümumi statistik göstəricilər isə ölkədə ipoteka kreditlərinin əlçatanlıq səviyyəsinin qənaətbəxş olduğunu göstərir”.
Xalid Kərimli qeyd edib ki, əhalinin tam mənzillə təmin edilməsi dövlətin bütün xərcləri üzərinə götürdüyü model deməkdir:
“Eyni zamanda, əhalinin tam şəkildə mənzillə təmin olunmasının dövlət tərəfindən bütün xərclərin qarşılandığı modelə çevrilməsinin mümkün olmadığı vurğulanır. Bu yanaşmanın iqtisadi baxımdan dayanıqlı olmadığı və keçmişdə sosialist sistemində tətbiq edilən modelin uzunmüddətli perspektivdə uğursuzluğa uğradığı qeyd olunur”.
Zəhra Mansırova






