Dünyanın ən böyük şəkər istehlakçısı olan Hindistan artan qiymətlər və azalan istehsal səbəbindən təxminən on ildən sonra ilk dəfə 1 milyon ton şəkər idxal edir.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, şəkər qiymətləri son iki ayda təxminən 40% artıb. Ganesh Chaturthi, Dussehra və Diwali festivalları, eləcə də toy mövsümü yaxınlaşdığından tələbatın daha da artacağı gözlənilir.

2025-26 mövsümündə şəkər istehsalının 30,6 milyon ton olacağı proqnozlaşdırılır. Bu, hökumətin əvvəlki 34,3 milyon tonluq proqnozundan 11% azdır. Ekspertlər azalmanı qeyri-sabit hava şəraiti, quraqlıq, xəstəliklər və hökumətin istehsalı olduğundan yüksək qiymətləndirməsi ilə əlaqələndirirlər.

Hökumət mövsümün əvvəlində 1,5 milyon ton şəkər ixracına icazə vermiş, daha sonra əlavə 500 min ton artırmışdı. May ayında ixrac dayandırılana qədər təxminən 800 min ton şəkər ölkədən çıxarılmışdı. Ekspertlər bunun daxili bazarda yaranan çatışmazlığı daha da artırdığını bildirirlər.

Hindistan ötən mövsüm 28 milyon tondan çox şəkər istehlak edib. Cari istehsalın da bu rəqəmə yaxın olması və təxminən 3 milyon ton şəkərin etanol istehsalına yönəldilməsi ehtiyatların azalmasına səbəb olur.

Şəkər qamışı istehsalının əsas bölgələrində qeyri-sabit musson yağışları və uzunmüddətli quraqlıq məhsuldarlığı azaldıb. Qarşıdakı mövsümdə də hava şəraiti ilə bağlı risklərin davam edəcəyi gözlənilir.

Qlobal şəkər təklifinin də azalması qiymətləri yüksəldib. ABŞ proqnozlarına görə, dünya üzrə istehsalın 186,1 milyon tondan 184,9 milyon tona düşəcəyi gözlənilir.

Bununla belə, yüksək şəkər qiymətləri fabrikləri şəkər qamışını etanol əvəzinə şəkər istehsalına yönəltməyə təşviq edə bilər. Bu isə Hindistanın gələn il daxili şəkər ehtiyatlarını artırmasına kömək edə bilər.

Zəhra Mansırova