Nigeriyanın İkorodu şəhərində yerləşən İtowolo İcma İbtidai Məktəbində dördgünlük təmizlik aksiyası keçirilib. Aksiya zamanı məktəbin ərazisindən 1,8 tondan çox tullantı toplanıb.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, Clean Air 360 və Clime With Me qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilən aksiyada 90-dan çox şagird və yerli icma üzvləri iştirak edib. Təşkilatların birgə keçirdiyi “WaveWise Cleanup Week” çərçivəsində məktəb ərazisi tullantılardan təmizlənib.

Tədbir zamanı iştirakçılara tullantıların düzgün idarə olunması və ətraf mühitin qorunması ilə bağlı maarifləndirici məlumatlar da verilib. Məktəbə yeni tullantı qutusu bağışlanıb.

Layihə çərçivəsində iqlim dəyişikliyi ilə bağlı müxtəlif maarifləndirici fəaliyyətlər, oyunlar və müzakirələr də təşkil olunub. Təşkilatçılar gələcəkdə ərazidə ekoloji monitorinq və icma ilə əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.