Səbinə Əliyeva: "Süni intellektin tətbiqi insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirməlidir"
Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da çıxış edib. O, süni intellekt texnologiyalarının tətbiqinin insan hüquqları sahəsində doğura biləcəyi nəticələrə diqqət çəkib.
QHT.az xəbər verir ki, Səbinə Əliyeva bildirib ki, süni intellektin tətbiqi yeni yanaşmaların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir:
“Süni intellektin düzgün tətbiqi insan hüquq və azadlıqlarının təmin olunmasına, texnologiyaların neqativ təsirlərinin minimuma endirilməsinə xidmət etməlidir. Bəzi texnoloji dəyişikliklər nəticəsində iş yerlərində ixtisarlar və digər sosial təsirlər müşahidə oluna bilər. Buna görə də dəstək mexanizmlərinin qurulması, xüsusilə də risk qrupuna daxil olan şəxslərə yönəlik tədbirlərin görülməsi vacibdir. Eyni zamanda, müasir texnologiyaların tətbiqi zamanı məlumatların qorunmasına xüsusi diqqət yetirilməli, informasiya və kibertəhlükəsizlik sahəsində qabaqlayıcı addımlar atılmalıdır".
Səbinə Əliyeva əlavə edib ki, artıq Ombudsman Aparatına bu sahədə müəyyən şikayətlər daxil olur və problemlərin qarşısının alınması üçün ciddi addımların atılması zəruridir:
“Diskriminasiya, gender ayrı-seçkiliyi və digər neqativ hallara yol verilməməlidir. Bu istiqamətdə yeni texnologiyaların istifadəsi ilə bağlı maarifləndirici təlimlərin keçirilməsi olduqca vacibdir. Ombudsman təsisatı vətəndaş cəmiyyətinin nümayəndələri və bütün dövlət qurumları ilə əməkdaşlığa hazırdır və bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinə önəm verir".
Pərvanə Fərhadqızı