“Mən qəhrəman övladıyam” devizi ilə bir qrup şəhid övladı üçün gəzinti təşkil olunub - FOTOLAR
2025-ci il mayın 25-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Quba, Xaçmaz, Dəvəçi, Şabran rayonlarından olan bir qrup şəhid övladları üçün Bakı gəzintisi təşkil olunub. 1 iyun - “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə keçirilən tədbir “Mən qəhrəman övladıyam” devizi ilə keçirilib.
QHT.az xəbər verir ki, Şəhid əmanətləri olan uşaqlar "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna səfər ediblər. Qoruqla tanışlıqdan sonra "Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye" İctimai Birliyi uşaqlar üçün rəngləmə və dulusçuluğa dair master-klaslar təşkil edib. Şəhid övladları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyinə də baş çəkiblər. Bələdçilər dünyanın ilk tanker-muzeyinin zalları barədə məlumat verib, gəmiçiliyə aid eksponatları nümayiş etdirib. Həmçinin oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatları yerinə yetirilib. Göyərtədə uşaqlar üçün əyləncə proqramı təşkil olunub, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən bayram süfrəsi açılıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, şəhid övladları tək bir ailənin yox, bütün Azərbaycanın övladı, Vətənimizin bütövlüyü, azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanların yadigarlarıdır.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova qeyd edib ki, bölgələrdəki şəhid övladları üçün Bakıda bu cür gəzinti proqramının təşkilinin böyük mənəvi dəyəri var.
Səfərdə şəhid qəhrəmanlar - Miqdad Abduləlimovun, Sadiq Məmmədovun, Ümüd Xəncəlovun, Tapdıq Xələfovun, Surxay Mehdiyevin, Rahim Mikayılovun, Elnur Pirseyidovun, Aqil Məlikovun, Səbuhi Əliyevin, Sarvan Şahbazovun, Taleh Babayevin, Tural Seyidovun, Ruslan Bayramovun, Tural Ağcabəyovun, Çoban Nurmətovun, Sənan Zamanovun ailə üzvləri iştirak ediblər.
Yekunda qalib ölkənin məğrur qəhrəmanlarının övladları səmaya göyərçinlər buraxıb, bütün dünyada uşaqlar üçün təhlükəsiz, firavan və xoşbəxt gələcək arzulayıblar.
Bayram hədiyyələrinin təqdim edilməsi ilə gəzinti yekunlaşıb.