Azərbaycan Xalq Cümhuriyyətinin 107-ci ildönümü münasibətilə — Müqamət Əliyevin açıqlaması
Gənc Vətənpərvər İctimai Birliyin Sədri Müqamət Əliyev (Muğan) QHT.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü münasibətilə fikirlərini bölüşüb.
O bildirib ki, Ümummilli Lider Heydər Əliyev “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır” – deyərək tariximizə verilən önəmi vurğulamışdır.
1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq qısa müddətində milli dövlətçilik ənənələrimizi bərpa etmiş, xalqın milli şüurunu yüksəltmiş və öz müqəddəratını təyin etməyə qadir olduğunu dünyaya göstərmişdir. Cümhuriyyət dövründə Azərbaycanın ilk parlamenti və hökuməti formalaşdırılmış, dövlət atributları qəbul edilmiş, ana dili dövlət dili elan edilmiş, ordu quruculuğu sahəsində mühüm addımlar atılmışdır. Eyni zamanda, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilmiş, ölkənin ilk universiteti təsis olunmuşdur.
Müqamət Əliyev qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalq hakimiyyəti və bərabərlik prinsiplərinə əsaslanaraq bütün vətəndaşlara bərabər hüquqlar vermiş, irqi, milli, dini və sinfi ayrı-seçkiliyə son qoymuşdur. Cümhuriyyətin qurucuları – Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Səməd bəy Mehmandarov və başqaları xalqımızın yaddaşında əbədi iz qoymuşdur.
"XX əsrin sonunda Azərbaycan müstəqilliyini bərpa etmiş, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmlənmiş, ictimai-siyasi sabitlik təmin edilmişdir. Onun siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunaraq 100 illik yubiley böyük coşqu ilə qeyd edilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq zəfər nəticəsində işğal altındakı torpaqlar azad edilmişdir. Bu gün Şuşada Azərbaycanın Şanlı Dövlət Bayrağı dalğalanır.
“Qarabağ Azərbaycandır!!!
Yaşasın Azərbaycan!!!
Bayramınız mübarək, Azərbaycan!”
Pərvanə Fərhadqızı