Xəbərlər 29.05.2025 16:24 57

Sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğun qurulmasına dair beynəlxalq konfrans keçirilir

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfrans başlayıb.

 

İki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistandan sosial təminat qurumlarının nümayəndələri iştirak edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbirdə çıxış edərək bu konfransın sosial müdafiə sahəsində qlobal əməkdaşlığın, təcrübə mübadiləsinin genişləndirilməsində önəmini vurğulayıb. O bildirib ki, BPSFA-nın 2023-cü ildə keçirilmiş ümumi yığıncağında ölkəmizdən DSMF sədrinin beş il müddətinə Assosiasiyaya sədr seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti bariz göstəricisidir.

Nazir Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq son illər ölkəmizdə 5 böyük sosial islahat paketinin icra olunduğunu, illik əlavə maliyyə tutumu 7,6 milyard manat olan, 4 milyon nəfəri əhatə edən bu islahatların nəticəsi olaraq sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərini qeyd edən Anar Əliyev işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramı çərçivəsində köçürülən sakinlərin məşğulluğunun təminatı üçün görülən işlərdən bəhs edib. Həmçinin DOST konsepsiyasının üstünlükləri, Nazirliyin 159 xidmətinin 90 faizindən çoxunun elektronlaşdırıldığı, o cümlədən 60-nın proaktiv qaydada təqdim olunduğu, DSMF-nin fəaliyyət sahələrində aparılan islahatlar qeyd edilib. Nazirlik tərəfindən aparılan islahatların təkcə ötən il 116 beynəlxalq mükafatla təltif olunduğu bildirilib.

Qeyd edilib ki, əmək bazarının transformasiyası, qeyri-standart məşğulluq formalarının artması, əhali strukturundakı demoqrafik dəyişikliklər, iqlim dəyişikliyi və süni intellektin geniş tətbiqi sosial təminat sistemlərinin çevikliyinin, dayanıqlığının təmin olunmasını zəruri edir. Bu baxımdan sosial müdafiə institutlarının innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi əsas prioritetlərdən biridir.

 

Anar Əliyev Azərbaycanın bu istiqamətdə beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə, birgə təşəbbüslərə açıq olduğunu deyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

DSMF-nin İdarə Heyətinin və BPSFA-nın sədri Zəka Mirzəyev çıxışında Assosiasiyanın fəaliyyəti çərçivəsində üzv təşkilatların fəal əməkdaşlığnın onlara sosial müdafiə sahəsində ən son tədqiqatlara, qabaqcıl beynəlxalq təcrübələrə və ən son metodlara çıxış əldə etməyə imkan verdiyini vurğulayıb. Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetano tədbirin əhəmiyyətindən bəhs edib. O, sosial müdafiə sistemi ilə bağlı vacib mövzuların bu platformada müzakirəsinin gələcəkdə əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən edilən videomüraciətdə bu konfransın ölkələrdə sosial təminat sahəsində aparılan islahatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi qeyd edilib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramovun çıxışı dinlənilib.

 

Konfransda Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimat edilib. Tədbirdə həmçinin Serbiyanın, Özbəkistanın, Qırğızıstan, Tacikistanın pensiya sistemləri, Qazaxıstanda sosial sosial sığorta sistemi, Azərbaycanda əmək bazarının inkişafı perspektivləri və s. mövzularda təqdimatlar edilərək, müzakirələr aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı