"İctimai iaşə sektorunda gənclərin iştirakı artarkən qeyri-rəsmi məşğulluq problemləri qalmaqdadır" - QHT sədri
"İctimai iaşə obyektlərinin sayı həm paytaxtda, həm də regionlarda artmaqdadır və bu sektora gənclərin cəlb olunması sevindiricidir".
Bu sözləri “Sağlam Mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Əli Mirzəyev QHT.az -a bildirib. Onun sözlərinə görə, 2025-ci ilin ilk rübündə Bakı şəhərində ictimai iaşə sektorunda 19,2 faiz artım qeydə alınıb. Bu sahənin gənclərin məşğulluğu və sosial fəallığı baxımından rolu böyükdür. Lakin Əli Mirzəyev narahatlıqların da mövcud olduğunu vurğulayıb:
"Araşdırmalar göstərir ki, ictimai iaşə sektorunda çalışan gənclərin 65 faizi qeyri rəsmi çalışdırılır. Müqavilələr bağlanmır, işəvötürənlərlə işçilər aradında hüquqi bağlılıq olmadığından, sahibkar istədiyi vaxt işçini qova bilər və ya işçi istədiyi vaxt xəbərdarlıqsız işi ata bilər. Bu da təbii ki, normal sayıla bilməz. Müvafiq dövlət qurumları (vergi xidməti, əmək müfəttişliyi və s.) bu məsələlərə ciddi nəzarət etsə də problemi kökündən həll etmək hələ ki mümkün olmamışdır. İctimai təşkilatlar, xüsusilə gənclər təşkilatları problemin tam həlli üçün maarifləndirmə məqsədli layihələr həyata keçirməli, işəgötürənlərlə işçilər arasında normal hüquqi münasibətlərin qurulmasına yardım etməlidirlər".
Pərvanə Fərhadqızı