Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslər üçün həyata keçirdiyi reabilitasiya xidmətlərini yüksək qiymətləndirib.
QHT.az xəbər verir ki, Z.Nuriyevanın sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlar, xüsusilə Sosial Xidmətlər Agentliyi həssas əhali qruplarına göstərilən xidmətlərin genişləndirilməsi istiqamətində mühüm işlər görür.
Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında 70 min əlilliyi olan şəxs müxtəlif formalarda reabilitasiya xidmətlərindən yararlanıb.
“Bu xidmətlərin əsas məqsədi yalnız fiziki reabilitasiya deyil. Burada insanların motivasiyasının artırılması, onların özlərini cəmiyyətin dəyərli üzvü kimi hiss etməsi, psixoloji və emosional vəziyyətinin yaxşılaşdırılması əsas prioritetlərdəndir”, – deyə o bildirib.
Z.Nuriyeva qeyd edib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən uşaq və böyüklər üçün reabilitasiya mərkəzləri ilə yanaşı, səyyar reabilitasiya xidmətləri də uğurla həyata keçirilir. Bu xidmətlər çərçivəsində mütəxəssislər birbaşa vətəndaşların evlərinə gedərək reabilitasiya xidmətləri göstərirlər.
İctimai Şura üzvü bildirib ki, Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi son ictimai dinləmələrdə iştirak zamanı vətəndaş məmnuniyyətinin çox yüksək səviyyədə olduğunu müşahidə edib.
“Agentliyin əməkdaşları xüsusi insanlara böyük həssaslıq və diqqətlə yanaşırlar. Artıq xidmət göstərənlə xidmət alan arasında səmimi və doğma münasibət formalaşıb. Bu isə insanların psixoloji vəziyyətinə müsbət təsir göstərir”, – deyə o vurğulayıb.
Z.Nuriyeva əlavə edib ki, reabilitasiya xidmətlərində robotik reabilitasiya, hipoterapiya, rəqs terapiyası və nitq reabilitasiyası kimi müasir metodlardan istifadə olunur. Onun fikrincə, bu yanaşmalar əlilliyi olan şəxslərin həm şəxsi inkişafına, həm də sosial həyata inteqrasiyasına ciddi töhfə verir.
O bildirib ki, Agentliyin tabeliyində fəaliyyət göstərən ahıllar evləri, uşaq müəssisələri və digər sosial xidmət müəssisələri də eyni diqqət və qayğı ilə əhatə olunur. Ahılların hazırladığı tamaşalar və musiqili proqramlar da cəmiyyət tərəfindən böyük maraqla qarşılanır.
Zəhra Ağayeva






