Mədən və digər hasilat sahələrində fəaliyyət göstərən şirkətlərin yerli icmalarla davamlı əməkdaşlıq qurması, onların sosial problemlərinin həllinə töhfə verməsi korporativ sosial məsuliyyətin əsas tələblərindən biridir. Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, “AzerGold” QSC rəhbərliyinin yerli icmalarla keçirdiyi görüşlər müsbət təşəbbüsdür və bu təcrübə digər şirkətlər üçün də nümunə olmalıdır.

İlqar Hüseynli qeyd edib ki, Azərbaycanda bu istiqamətdə uğurlu təcrübələr daha əvvəl də mövcud olub. Onun sözlərinə görə, 2004-cü ildə BP şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi zamanı fəaliyyət göstərdiyi ərazilərdə yerləşən icmaların sosial inkişafına xüsusi diqqət ayırmışdı.

O bildirib ki, həmin dövrdə boru kəmərinin keçdiyi dəhliz boyunca yerləşən icmalarda genişmiqyaslı sosial infrastruktur layihələri icra olunurdu:

“Mənim yadımdadır ki, 2004-cü ildə BP Bakı-Tbilisi-Ceyhan boru kəmərini inşa edərkən, tikinti aparılan ərazilərdə yerləşən icmalar üçün çox böyük sosial infrastruktur layihələri həyata keçirildi. 2004-2005-ci illərdə həmin layihələrdən bir qismini mənim rəhbərlik etdiyim təşkilat da icra edib. Biz Tovuz rayonunun beş icmasında məktəblərin, inzibati binaların tikintisini və kəndlərarası yolların çəkilişini həyata keçirdik. 2005-ci ildə icmalara təhvil verdiyimiz məktəblər, inzibati binalar və yollar bu gün də istifadədədir və insanlara xidmət edir.”

İctimai birlik sədri hesab edir ki, hasilatla məşğul olan bütün özəl şirkətlər fəaliyyət göstərdikləri ərazilərdə yaşayan insanlarla məhz bu model əsasında əməkdaşlıq etməlidirlər.

Onun fikrincə, şirkətlər ilk növbədə icmalarla açıq müzakirələr aparmalı, onların ehtiyaclarını dinləməli və sosial problemlərin həlli istiqamətində konkret addımlar atmalıdırlar.

“İcmalarla birlikdə müzakirələr aparılmalı, onların sosial çətinlikləri öyrənilməli və ehtiyac duyulan dəstək göstərilməlidir. Kəndlərdə yolların, məktəblərin, xəstəxanaların və digər sosial infrastruktur obyektlərinin tikintisi, su təminatı ilə bağlı problemlərin həlli kimi layihələr həyata keçirilə və sonradan icmaların istifadəsinə verilə bilər.”

İlqar Hüseynli vurğulayıb ki, “AzerGold” QSC rəhbərliyinin icmalarla görüşlərə başlaması korporativ sosial məsuliyyət sahəsində müsbət və doğru yanaşmanın göstəricisidir.

“Əgər artıq belə bir ənənə formalaşırsa və ‘AzerGold’ QSC-nin rəhbərliyi, İdarə Heyətinin sədri və üzvləri icmalarla görüşlər keçirirlərsə, bunu korporativ sosial məsuliyyət prinsiplərinin vətəndaşlarla düzgün şəkildə həyata keçirilməsinin nümunəsi kimi qiymətləndirmək olar.”

O bildirib ki, bu görüşlər yalnız dinləmə xarakteri daşımamalı, onların nəticəsi real layihələr və konkret həllərlə müşayiət olunmalıdır.

“Görüşmək və insanları dinləmək çox müsbət addımdır. Amma bu görüşlər nəticəsində ortaya çıxan sosial problemlərin həlli də təmin olunmalıdır. Əgər vətəndaşların ehtiyacları qiymətləndirildikdən sonra bir neçə infrastruktur layihəsi həyata keçirilirsə, bu artıq həmin görüşlərin real nəticəsi hesab oluna bilər.”

İctimai birlik sədri hesab edir ki, icmalarla davamlı dialoq gələcəkdə də saxlanılmalı və digər şirkətlər tərəfindən də tətbiq edilməlidir.

“Bu görüşlərin və icmalarla təmasların qurulması müsbət addımdır və davamlı olmalıdır. Digər şirkətlər də bu təcrübədən nümunə götürməlidirlər.”

İlqar Hüseynli bu yanaşmanın yalnız mədən sektorunda deyil, tikinti sektorunda da tətbiq edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə Bakı şəhərində çoxmərtəbəli binaların tikintisini həyata keçirən özəl şirkətlər də sakinlərlə müntəzəm görüşlər keçirməli, onların ehtiyaclarını öyrənməli və yeni yaşayış massivlərində sosial obyektlərin yaradılmasına diqqət ayırmalıdırlar.

“Təəssüf ki, Bakı şəhərində aparılan tikinti işləri zamanı bu yanaşma lazımi səviyyədə tətbiq olunmayıb. Nəticədə söküntü və yeni tikinti aparılan ərazilərdə vətəndaşlar bir sıra sosial problemlərlə üzləşirlər. Halbuki həmin ərazilərdə insanlara lazım olan sosial obyektlər də yaradılmalıdır".

Zəhra Ağayeva