Peşə təhsilinə maraq ildən-ilə artır və bu istiqamətdə qəbul planı da genişlənir. Yeni tədris ilində minlərlə gəncin peşə təhsili müəssisələrində təhsil alması nəzərdə tutulur. Son illərdə həm qəbul olunanların, həm də dövlət sifarişi ilə ayrılan yerlərin sayında ciddi artım qeydə alınıb. Bu isə əmək bazarında peşəkar kadrlara artan tələbatın qarşılanmasına hesablanıb. 2026–2027-ci tədris ili üzrə qəbul planı və yeni ixtisaslarla bağlı daha ətraflı məlumat açıqlanıb. Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə 28 min 140 tələbənin qəbul olunması hədəflənir. Bu il 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə ümumilikdə 33 min 120 plan yeri ayrılıb. Qəbul planının 24 min 425-i, yəni 74 faizi dövlət sifarişli yerlərdir. Bununla yanaşı, 2020-ci illə müqayisədə peşə təhsilinə qəbul olunanların sayı 90 faiz, son dörd ildə isə dövlət sifarişli plan yerlərinin sayı 52 faiz artıb.

Əmək Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı QHT.az-a açıqlama verib:

"Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün ikinci Tədbirlər Planı qəbul olunub. Həmin Tədbirlər Planında 50 tədbirin həyata keçirilməsi nəzərdə tutulur və onlardan xeyli hissəsi peşə təhsilinin inkişafı ilə bağlıdır. Burada həm formal peşə təhsilindən, yəni peşə kollecləri vasitəsilə həyata keçirilən təhsildən, həm də qeyri-formal peşə təlimlərindən söhbət gedir. Bunları həm Məşğulluq Agentliyi, həm də onun sifarişi ilə peşə təlim mərkəzləri həyata keçirirlər. Konkret olaraq Tədbirlər Planının prioritet istiqamətlərindən biri işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsidir".

Müsahibimizin sözlərinə görə, peşələr üzrə elektron atlas informasiya sisteminin yaradılması, peşə təhsili müəssisələrində müəllimlər üçün təkmilləşdirmə və ixtisasartırma proqramlarının tətbiqi nəzərdə tutulur:

"Çünki məhz texniki və peşə bacarıqları üzrə təlim keçən müəllimlərin özlərinin də peşə yönümü sahəsində ixtisaslarının artırılmasına ehtiyac duyulur. Həmçinin əmək bazarının tələbləri əsasında peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi, peşə təhsili müəssisələrində müasir tələblərə uyğun sənaye yönümlü ixtisasların tədrisinin genişləndirilməsi nəzərdə tutulur. Yaşıl iqtisadiyyata keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi, iqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramlarının hazırlanması və digər tədbirlər də planlaşdırılır. Yəni, bir Tədbirlər Planında peşə təhsilinə çox önəm verilir. Bu, doğrudan da vacib sahədir. Çünki yerlərdə, xüsusən də regionlarda ixtisaslı fəhlə kadrları çatışmır. Ona görə də bu sahəyə diqqətin ayrılması müsbət haldır. Hazırda peşə təhsili kolleclərinin bir qismi müasir tələblərə minimal səviyyədə cavab verir. Amma onların maddi-texniki bazasının gücləndirilməsi, pedaqoji heyətin bilik və bacarıqlarının artırılması istiqamətində xeyli iş görülməlidir. Beləliklə, peşə təhsili müəssisələri əmək bazarına həm nəzəri, həm də praktiki biliklərə malik məzunlar hazırlaya bilsinlər. Həmçinin həmin strategiyada dual təhsil sistemi də nəzərdə tutulur. Bu o deməkdir ki, nəzəri biliklərlə yanaşı, praktiki biliklər də əldə olunmalıdır. Yalnız gəlib kollecdə mühazirələrə qulaq asmaqla kifayətlənmək olmaz".

S.Məmmədovun sözlərinə görə, tədrisin əhəmiyyətli hissəsi istehsal sahələrində həyata keçirilməlidir ki, tələbələr təhsili başa vurduqda yüksək ixtisaslı kadr kimi əmək bazarına daxil ola bilsinlər. Bundan əlavə, nisbətən qısa müddətli təhsil proqramları da nəzərdə tutulub. Bu proqramlar əsasən Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə həyata keçiriləcək.

Fatimə Məmmədova