Sudanda fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar ölkədə dərinləşən böhran fonunda maliyyə çatışmazlığının yardım əməliyyatlarını ciddi şəkildə təhlükə altına saldığını bildiriblər. QHT-lərin fikrincə, əlavə maliyyə dəstəyi ayrılmasa, milyonlarla insan həyati əhəmiyyət daşıyan yardımlardan məhrum qala bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, beynəlxalq humanitar təşkilatların yaydığı məlumata görə, ölkədə davam edən silahlı münaqişə nəticəsində milyonlarla insan ərzaq, təmiz içməli su, tibbi xidmət və sığınacaq çatışmazlığı ilə üz-üzədir. Xüsusilə Darfur bölgəsində humanitar vəziyyət ağır olaraq qalır.
QHT nümayəndələri bildirirlər ki, maliyyələşmənin azalması ərzaq təminatı, səhiyyə xidmətləri və məcburi köçkünlərə göstərilən yardım proqramlarının əhatə dairəsini daraldır. Bundan əlavə, təhlükəsizlik problemləri və logistika çətinlikləri yardımların ehtiyacı olan bölgələrə çatdırılmasını daha da mürəkkəbləşdirir.
Humanitar təşkilatlar beynəlxalq donorları Sudana dəstəyi artırmağa çağıraraq, maliyyə çatışmazlığının aradan qaldırılmasının milyonlarla insanın həyatının qorunması üçün həyati əhəmiyyət daşıdığını vurğulayıblar. Onların sözlərinə görə, vaxtında əlavə maliyyə ayrılmadığı təqdirdə ölkədə humanitar böhranın daha da dərinləşəcəyi istisna edilmir.






