"Ümumilikdə, cari ilin ilk altı ayında 70 min əlilliyi olan şəxsin müxtəlif formalarda reabilitasiya xidmətləri ilə əhatə olunması müsbət göstərici kimi qiymətləndirilməlidir".

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a açıqlamasında bildirib.

A.Əzimzadənin sözlərinə görə, reabilitasiya xidmətlərinin müxtəlif formatlarda təşkili onların əlçatanlığını əhəmiyyətli dərəcədə artırır:

“Burada diqqətçəkən əsas məqam təkcə xidmət alan şəxslərin sayı deyil, eyni zamanda reabilitasiya xidmətlərinin müxtəlif formatlarda – ambulator, stasionar, icma əsaslı, səyyar və onlayn şəkildə təşkil edilməsidir. Bu yanaşma xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Aslan Əzimzadə bildirib ki, xidmətlərin fərdiləşdirilməsi əlilliyi olan şəxslərin müxtəlif ehtiyaclarının daha effektiv qarşılanmasına şərait yaradır:

“Xüsusilə nəzərə almaq lazımdır ki, əlilliyi olan şəxslərin ehtiyacları eyni deyil. Bəzi şəxslərin davamlı stasionar reabilitasiyaya, digərlərinin ambulator xidmətlərə, bir qisminin isə yaşadığı ərazidə və ya ev şəraitində göstərilən dəstəyə ehtiyacı ola bilər. Buna görə də xidmətlərin şaxələndirilməsi və diversifikasiyası daha fərdi, ehtiyac əsaslı sosial xidmət modelinin formalaşdırılmasına imkan verir. İcma əsaslı və səyyar xidmətlərin genişləndirilməsi regionlarda yaşayan və reabilitasiya müəssisələrinə müntəzəm müraciət etmək imkanı məhdud olan şəxslər üçün xüsusilə vacibdir”.

Müsahibimiz vurğulayıb ki, müasir reabilitasiya metodlarının tətbiqi həm fiziki, həm də psixososial nəticələrin yaxşılaşmasına töhfə verir:

“Digər mühüm istiqamət müasir reabilitasiya metodlarının tətbiqidir. Robotik reabilitasiya kimi texnologiyalar müəyyən hərəkət funksiyalarının bərpası və gündəlik fəaliyyət imkanlarının artırılması istiqamətində ənənəvi reabilitasiya üsullarını tamamlayan mühüm vasitələrdir. Hipoterapiya, rəqs terapiyası və digər innovativ metodlar isə təkcə fiziki aktivliyin artırılması baxımından deyil, həm də emosional vəziyyətin yaxşılaşmasına, özünəinamın güclənməsinə, ünsiyyət bacarıqlarının və sosial iştirak imkanlarının inkişafına töhfə verə bilər. Təbii ki, bu metodların tətbiqi şəxsin fərdi vəziyyəti nəzərə alınmaqla, müvafiq mütəxəssislərin qiymətləndirməsi əsasında həyata keçirilir”.

Ekspert qeyd edib ki, reabilitasiyanın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə daha fəal inteqrasiyasını və müstəqil həyat imkanlarını genişləndirməkdir:

“Məsələyə daha geniş sosial-iqtisadi aspektdən yanaşdıqda isə reabilitasiyanın məqsədi yalnız şəxsin fiziki vəziyyətinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Əsas hədəf əlilliyi olan şəxsin mümkün qədər müstəqil həyat sürməsi, təhsil, məşğulluq və ictimai fəaliyyət imkanlarının genişləndirilməsi, cəmiyyətə daha fəal inteqrasiyasının təmin edilməsidir. Effektiv reabilitasiya insanın sosial və iqtisadi fəallığının yüksəlməsinə, ailə üzvlərinin üzərinə düşən qayğı yükünün müəyyən qədər azalmasına və uzunmüddətli perspektivdə daha inklüziv cəmiyyətin formalaşmasına mühüm töhfə verə bilər”.