Mədən hasilatı ilə məşğul olan şirkətlərlə yerli icmalar arasında davamlı dialoq və sosial məsuliyyət məsələsi son illər daha çox diqqət mərkəzindədir. Ekspertlər hesab edirlər ki, bu sahədə fəaliyyət göstərən şirkətlərin şəffaf ünsiyyət qurması, ətraf mühitlə bağlı sualları cavablandırması və icmaların sosial-iqtisadi inkişafına töhfə verməsi dayanıqlı əməkdaşlığın əsas şərtlərindəndir. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədli də QHT.az-a açıqlamasında bu məsələyə münasibət bildirərək, AzerGold tərəfindən yerli icmalarla keçirilən görüşləri müsbət qiymətləndirib.
Onun sözlərinə görə, istənilən biznes fəaliyyəti göstərdiyi ərazinin sakinləri qarşısında müəyyən sosial öhdəlik daşıyır. Xüsusilə mədən hasilatı ətraf mühitə müəyyən təsirlər göstərdiyi üçün şirkətlər yerli icmaların inkişafına dəstək verməli, onların suallarını cavablandırmalı və narahatlıqlarına aydınlıq gətirməlidirlər.
Sahib Məmmədli qeyd edib ki, bu cür açıq dialoq gələcəkdə üçüncü tərəflərin təsiri ilə yarana biləcək narazılıqların qarşısının alınmasına da xidmət edir.
“Mən bu təşəbbüsü alqışlayıram. Əgər AzerGold belə görüşlər keçirirsə, bu, şirkətin yerli icmalar qarşısında məsuliyyətini dərk etdiyini göstərir. Yaxşı olar ki, onlar təhsil, yerli inkişaf, aqrar sektorun dəstəklənməsi kimi istiqamətlərdə icmalara daha yaxından kömək etsinlər. Bu, həm insanlar, həm də şirkətin özü üçün faydalı olar”, – deyə o vurğulayıb.
QHT sədri sonda əlavə edib ki, təkcə AzerGold deyil, ümumilikdə mədən hasilatı ilə məşğul olan bütün şirkətlərin yerli icmalarla təmasları davamlı xarakter daşımalı, qarşılıqlı etimad və əməkdaşlıq mühiti gücləndirilməlidir.
Zəhra Ağayeva






