"Hasilat şirkətlərinin fəaliyyət göstərdikləri ərazilərdə yerli sakinlərlə mütəmadi görüşlər keçirməsi müsbət haldır. Beynəlxalq təcrübədə də görürük ki, bu cür şirkətlər yerli əhalinin problemlərinin həllinə dəstək verir, ətraf mühitlə bağlı narahatlıqları dinləyir və onların aradan qaldırılması istiqamətində tədbirlər görürlər. Bu, korporativ sosial məsuliyyətin bariz göstəricilərindən biridir".

Bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, hasilat şirkətlərinin yerli icmalarla birbaşa dialoq qurması həm əhalinin narahatlıqlarının dinlənilməsi, həm də fəaliyyətin daha şəffaf həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür görüşlər ətraf mühitə mümkün mənfi təsirlərlə bağlı sakinlərin rəy və təkliflərinin öyrənilməsinə, onların suallarının cavablandırılmasına və yaranan narahatlıqların aradan qaldırılmasına şərait yaradır.

Müsahib vurğulayıb ki, belə təşəbbüslər yerli resurslardan istifadənin cəmiyyət üçün daha faydalı olmasına, sosial və müəyyən hallarda iqtisadi maraqların təmin edilməsinə də müsbət təsir göstərir.

Eyyub Kərimlinin sözlərinə görə, bu görüşlər yerli əhalinin məşğulluğunun artırılması baxımından da əhəmiyyətlidir. O bildirib ki, sakinlərin işlə təmin olunması, onların müraciət və tələblərinin dinlənilməsi, bilik və bacarıqlarına uyğun peşə imkanlarının yaradılması regionlarda əmək bazarının inkişafına və işsizliyin azalmasına töhfə verə bilər.

Sonda ekspert qeyd edib ki, hasilat şirkətlərinin yerli icmalarla davamlı əməkdaşlığı həm sosial məsuliyyət prinsiplərinin gücləndirilməsinə, həm də regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərən vacib amillərdən biridir.

Piranə Xasiyeva