Bakı şəhər Təhsil İdarəsi çox maraqlı layihəyə, valideynlər üçün “Yay məktəbi”nə start verib.

Bu barədə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova QHT.az- a açıqlama verib. O, qeyd edib ki, İctimai Şura olaraq Məktəb Ailə və İcma konsepsiyası baxımından da valideynlərin məktəblə münasibətlərinin doğru qurulmasının nə qədər önəmli olduğunu görürük: “Əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, təşəbbüsə qoşulan məktəb bununla bağlı valideynlərə məlumat verir, valideynlər könüllü şəkildə özləri iştirak edirlər: "Bu yayın valideynlər üçün ən yaddaqalan hadisələrindən biri də onların iştirakı ilə təşkil olunan "Yay məktəbi" olacaq. Proqrama əsasən təqdim olunan “Övlad-valideyn münasibətləri” mövzusunda psixoloji-interaktiv iş, sual-cavab sessiyaları da valideynlər tərəfindən maraqla qarşılanır”.

Bəşarət Məmmədov həmçinin qeyd edib ki, Nərimanov rayonunda təşkil olunan 193 N-li tam orta məktəbdə təşkil olunmuş "Yay məktəbi" ndə şagird davranış qaydaları, onların tətbiqi və nəticələri mövzusunda təlim proqramı 3 gün davam edəcək.

 

Pərvanə Fərhadqızı