Avqustun 23-də Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin nəticələrinin qiymətləndirilməsi və yekun hesabat təqdimatı üçün regional toplantı keçirilib.
ÜST- nin Azərbaycandakı Ofisindən QHT.az- a verilən məlumata görə, hibrid görüşün birinci yarısında çıxış edən ÜST- nin Avropa üzrə Səhiyyə Siyasəti və Sistemləri üzrə direktoru Dr. Nataşa Azzopardi Muskat və ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı açılış nitqində layihənin əhəmiyyəti haqda danışıb.
Daha sonra ÜST - nin Avropa üzrə Regional Ofisindən olan ekspertlər humanitar fövqəladə hallar zamanı psixi sağlamlıq və psixososial dəstək, o cümlədən hamı üçün psixi sağlamlığın transformasiyası konsepsiyası haqqında təqdimatla çıxış ediblər. İclasın üçüncü hissəsində layihə icraçıları əsas uğurları və əldə etdikləri dərsləri regional idarə heyəti üzvlərinə təqdim ediblər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB daxil olmaqla yerli tərəfdaşlar da görüşdə iştirak edərək, layihənin nailiyyətləri haqqında fikirlərini ÜST-nin regional idarə heyətinin üzvlərinin diqqətinə çatdırıblar.
Pərvanə Fərhadqızı












