Bu gün Xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 99-ci ildönümü tamam olur.

QHT.az xəbər verir ki, Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti  Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.

Bəşir Səfəroğlu "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?” və "Ulduz” filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin rollarını ifa edib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında "Gəlməli, görməli, gülməli" miniatür teatrı təşkil olunub. Onun üzvləri xalq artisti Əliağa Ağayev, əməkdar artist Müxlis Cənizadə, aktrisa Ofeliya Abbasova (Məmmədzadə) və Bəşir Səfəroğlu idilər. Bu kollektivdə Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb.

Rejissor Rauf Kazımovski görkəmli gülüş ustası Bəşir Səfəroğlu haqqında eyni adlı bədii-sənədli televiziya filmi çəkib. Sənət uğurlarına görə 29 iyun 1964-cü ildə Bəşir Səfəroğluna "Azərbaycan SSR əməkdar artisti", 25 iyun 1968-ci ildə "Azərbaycan SSR xalq artisti" fəxri adları verilib.

Bəşir Səfəroğlu Bakıda, 44 yaşında, 23 mart 1969-cu ildə vəfat edib. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.