Banqladeşin humanitar və inkişaf yönümlü təşkilatı MASTUL Foundation İstanbulda keçirilən 5-ci Beynəlxalq QHT Sərgisində ölkəsini təmsil edir. Noyabrın 25-dən 28-dək İstanbul Expo Center-də təşkil olunan sərgi dünyanın 60-dan çox ölkəsindən 200-dən artıq təşkilatı bir araya gətirib.
QHT.az xarici mediaya istinadən bildirir ki, “Civil Society 5.0” (Vətəndaş cəmiyyəti 5.0) mövzusu altında keçirilən tədbirdə qeyri-hökumət inkişaf təşkilatları, humanitar qurumlar, donor institutları və inkişaf tərəfdaşları iştirak edir. MASTUL Foundation sərgidə təşkilatın təsisçisi və baş icraçı direktoru Kazi Reaz Rahman tərəfindən təmsil olunur.
Sərgidə təşkilat Banqladeşin humanitar təşəbbüslərini, təcrübəsini və həssas vəziyyətdə olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş proqramlarını beynəlxalq iştirakçılara təqdim edir. MASTUL Foundation-un Hall 02-də yerləşən stendində humanitar fəaliyyətlər, sosial inkişaf təşəbbüsləri və ehtiyacı olan şəxslərə dəstək istiqamətində həyata keçirilən layihələr nümayiş olunur.
Təşkilat, həmçinin müxtəlif ölkələrdən olan qurumlar və inkişaf tərəfdaşları ilə fikir və təcrübə mübadiləsi aparır, qarşılıqlı əməkdaşlığın yeni imkanlarını araşdırır.
MASTUL Foundation-un təsisçisi və baş icraçı direktoru Kazi Reaz Rahman iştirakla bağlı bildirib ki, humanitar xidmətin sərhədləri yoxdur. O, Banqladeşin humanitar fəaliyyətini və təcrübəsini beynəlxalq platformada təqdim etməkdən qürur duyduqlarını vurğulayaraq, kollektiv təşəbbüslər və tərəfdaşlıqlar vasitəsilə daha humanist və bərabərhüquqlu dünya qurmağın mümkün olduğunu qeyd edib.
Rahman iştirakın əsas məqsədinin Banqladeşin inkişaf təcrübəsini qlobal humanitar fəaliyyətlər kontekstində tanıtmaq olduğunu bildirib. O, beynəlxalq təşkilatlarla bilik və təcrübə mübadiləsinin gələcəkdə humanitar fəaliyyətlərin daha geniş miqyasda həyata keçirilməsi üçün imkanlar yaradacağını vurğulayıb.
Təşkilat beynəlxalq humanitar böhranlar və fəlakətlər zamanı Banqladeşin yardım fəaliyyətlərinin daha koordinasiyalı və səmərəli həyata keçirilməsi məqsədilə ölkə hökumətinə xüsusi siyasət çərçivəsinin hazırlanmasını da təklif edib.
MASTUL Foundation indiyədək Qəzza, Misir, Nepal, Sudan və Türkiyə də daxil olmaqla müxtəlif ölkə və bölgələrdə həyata keçirdiyi humanitar yardım təşəbbüsləri ilə Banqladeşin beynəlxalq humanitar fəaliyyətlərdə iştirakını diqqətə çatdırıb.











