Slovakiyada fəaliyyət göstərən qeyri-hökumət və humanitar təşkilatlar Ukraynanın qış aylarında istilik təminatına dəstək olmaq məqsədilə “Heat for Ukraine 2.0” (“Ukrayna üçün istilik 2.0”) adlı yardım kampaniyasına başlayıblar.

Ukraynanın Slovakiyadakı səfirliyinin bir sıra tərəfdaş QHT-lərlə birgə həyata keçirdiyi təşəbbüsün əsas məqsədi ən azı 10 modul tipli istilik qazanının alınması üçün 1 milyon avro vəsait toplamaqdır. Bu qurğulardan beşinin Kiyevə, digər beşinin isə Kiyev vilayətinə göndərilməsi nəzərdə tutulur.

QHT.az xarici mediaya istinadən bildirir ki, Ukraynanın Slovakiyadakı səfiri Mıroslav Kastran bildirib ki, ölkənin enerji infrastrukturu davam edən hücumlar nəticəsində ciddi zərər görüb. Onun sözlərinə görə, iyulun ortalarından etibarən Ukraynanın enerji obyektlərinə 2 100-dən çox hücum qeydə alınıb. Təkcə oktyabr ayında ölkəyə 6 mindən artıq pilotsuz uçuş aparatı ilə hücum edilib.

Səfir qeyd edib ki, enerji infrastrukturuna dəyən zərər elektrik enerjisi ilə yanaşı, su və istilik təchizatına, həmçinin xəstəxana və məktəblərin fəaliyyətinə də təsir göstərir. Xüsusilə Kiyevdə elektrik enerjisinin uzunmüddətli kəsilməsi əhalinin gündəlik həyatında ciddi çətinliklər yaradır.

Kampaniya çərçivəsində alınması planlaşdırılan modul tipli qazanlar müstəqil istilik mənbəyi kimi fəaliyyət göstərir. Qurğular nisbətən qısa müddətdə quraşdırıla bilir və mərkəzləşdirilmiş istilik sistemləri fəaliyyətini dayandırdıqda belə, binaların istiliklə təmin olunmasına imkan yaradır. Onlar qaz, dizel yanacağı və ya yüngül istilik yağı ilə işləyir.

Humanitar təşkilatların nümayəndələri bu qurğuların adi generatorlarla müqayisədə daha səmərəli və uzunmüddətli həll yolu olduğunu vurğulayıblar. Onların xəstəxanaların, məktəblərin, sosial xidmət müəssisələrinin və yaşayış binalarının istiliklə təminatında mühüm rol oynayacağı gözlənilir.

“Heat for Ukraine 2.0” kampaniyası 2026-cı ilin yanvarında başladılan ilk yardım təşəbbüsünün davamıdır. Həmin kampaniyaya Slovakiyadan təxminən 27 min donor qoşulub və 1,47 milyon avrodan çox vəsait toplanıb. İanələr hesabına Ukraynanın 10 şəhər və bölgəsinə 102 generator və 42 enerji doldurma stansiyası çatdırılıb.

Təşkilatçılar yeni kampaniya vasitəsilə Ukraynada qış mövsümündə humanitar ehtiyacların qarşılanmasına, xüsusilə də istilik təchizatının davamlılığının təmin edilməsinə töhfə verməyi hədəfləyirlər.