kombuça, kefir, kimçi və qatıq kimi canlı mikroorqanizmlər ehtiva edən fermentləşdirilmiş qidaların qəbulu ürək sağlamlığına müsbət təsir göstərə, xolesterin səviyyəsinin tənzimlənməsinə və qan şəkərinin azalmasına kömək edə bilər. Avstraliyalı tədqiqatçıların apardığı yeni araşdırma bu qidaların sağlamlıq üçün mümkün faydalarını üzə çıxarıb.

QHT.az xarici mediaya istinadən bildirir ki,  Nyukasl Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində canlı mikroorqanizmlər olan qidaları daha tez-tez qəbul edən insanlarda faydalı HDL xolesterinin səviyyəsi yüksələ, qan şəkərinin göstəriciləri isə aşağı düşə bilər. Bu dəyişikliklərin 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskinin azaldılması baxımından əhəmiyyətli olduğu bildirilir.

Xolesterin orqanizmin hüceyrələrində mövcud olan yağabənzər maddədir. Yüksək sıxlıqlı lipoproteinlər (HDL) “yaxşı” xolesterin hesab olunur. Onlar artıq xolesterinin qaraciyərə daşınmasına kömək edir. Aşağı sıxlıqlı lipoproteinlər (LDL) isə “pis” xolesterin kimi tanınır və yüksək səviyyədə olduqda damar sağlamlığı üçün risk yarada bilər.

Fermentləşdirilmiş qidalar bağırsaq mikrobiotasının müxtəlifliyini dəstəkləyən mikroorqanizmlərlə zəngin ola bilər. Kefir, qatıq, kimçi və turş xəmir çörəyi bu qidalara nümunədir. Onların müntəzəm istehlakı həzm sisteminin fəaliyyətinə və bağırsaqdakı mikroorqanizmlər arasındakı tarazlığın qorunmasına müsbət təsir göstərə bilər.

Tədqiqatçılar hesab edirlər ki, canlı mikroorqanizmlərlə zəngin qidaların qidalanma rasionuna daxil edilməsi metabolik sağlamlığın qorunmasına kömək edə bilər. Bununla belə, əldə olunan nəticələr bu qidaların ürək xəstəliklərinin və ya diabetin qarşısını mütləq aldığı anlamına gəlmir.

Mütəxəssislər ürək sağlamlığını qorumaq üçün balanslaşdırılmış qidalanma, fiziki aktivlik və sağlam həyat tərzinin vacibliyini vurğulayırlar.