Tullantıların idarə olunması şəhər həyatının ən vacib ekoloji məsələlərindən biridir. Yəni düzgün çeşidləmə, təkrar emal, təhlükəli tullantıların ayrılması kimi addımlar həm təbiəti qoruyur, həm də insan sağlamlığını.

Son vaxtlar bəzi qaydaların yenilənməsi, məsələn, nəqliyyat vasitələrindən tullantı atmamaqla bağlı cərimələr insanlara daha məsuliyyətli davranmağı xatırladır. Amma yenə də təkcə cərimələrlə iş bitmir,maarifləndirmə və rahat infrastruktur da paralel olmalıdır.

Könteynerlər əlçatan olmalı, əhaliyə başa düşülən dildə izah verilməli, üstəlik sistem rahat işləməlidir ki, vətəndaşlar qaydaları pozmağa deyil, ona əməl etməyə üstünlük versinlər. Küçəyə atılan hər bir siqaret kötüyü plastiq qab və kağız ətraf mühitə zərər vurur. Tullantıların düzgün idarə olunması üçün zibilləri çeşidləməli, təkrar emala yararlı materialları ayrıca toplamalı və tullantıları müəyyən edilmiş yerlərdən kənara atmamalıyıq.

Nəqliyyat vasitələrindən tullantı atılmasıda yolverilməz hərəkətdir. Etiraf edək ki, avtobillərdən küçəyə atılan tullantıları hər birimiz görsəkdə susmağa üstünlük vermişik. Bir neçə gün öncə avtomobilimlə Müşfiq qəsəbəsi istiqamətində hərəkət edərkən qarşımdakı nəqliyyat vasitəsindən düz yolun ortasına zibil atıldığını gördüm və həmin maşını saxlayıb sürücüyə qanunları pozmamağı xatırlatdım. Beləliklə küçəyə atılmış tullantı gözümün qarşısında zibil qutusuna atıldı.

Təmiz şəhər yalnız təmiz küçələrdən ibarət deyil, təmiz şəhər həm də sağlam həyat, təmiz hava və gələcək nəsillər üçün təhlükəsiz mühit deməkdir. Təbiəti qorumaq yalnız dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün borcudur.

Bu gün atdığımız hər bir düzgün addım sabah övladlarımız üçün daha sağlam və bir Azərbaycan deməkdir!

“Mühit”Ekoloji MİB-nin sədri:Əzizağa Hünbətəliyev