Rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sistemində yeni yanaşmaların formalaşmasına səbəb olur və öyrənmə prosesini daha çevik, əlçatan və fərdiləşdirilmiş edir. Onlayn platformalar, süni intellekt əsaslı tətbiqlər və rəqəmsal resurslar şagird və tələbələrə istənilən vaxt və məkanda bilik əldə etmək imkanı yaradır. Bu dəyişikliklər ənənəvi təhsil modelinin rolunu ciddi şəkildə sual altına alır.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlama verib.
Ş.Qocayevin sözlərinə görə, rəqəmsallaşma təhsil sistemini daha çevik və fərdiləşmiş bir formaya salaraq onu daxildən yeniləyir və inkişaf etdirir: "Rəqəmsallaşma təhsil sistemini tamamilə sıradan çıxarmaqdan ziyadə daxildən yeniləyərək onu daha geniş imkanlara malik bir formaya, yəni təkamülə sürükləyir. Ənənəvi modeldə tətbiq olunan vahid proqram yanaşması artıq yerini hər bir tələbənin fərdi sürətinə və maraqlarına uyğunlaşan çevik rəqəmsal platformalara verir.
Şəmsi Qocayev bildirib ki, rəqəmsal təhsil coğrafi məhdudiyyətləri aradan qaldırsa da, müəllimin rolu informasiya ötürücüsündən mentorluq səviyyəsinə yüksəlir: "Bu proses həm də coğrafi məhdudiyyətləri aradan qaldıraraq keyfiyyətli təhsili hər kəs üçün əlçatan edir. Lakin bu dəyişiklik müəllim faktorunu aradan qaldırmır, əksinə, müəllimin rolunu informasiya ötürücüsündən daha üstün bir səviyyəyə — mentorluğa daşıyır".
Ekspert vurğulayıb ki, gələcəyin təhsili texnologiyanın sürəti ilə canlı ünsiyyətin sosial gücünü birləşdirən hibrid model üzərində formalaşacaq: "Texnologiya nə qədər güclü olsa da, insanın sosial inkişafı, komanda işi və emosional intellektin formalaşması üçün canlı ünsiyyət hələ də əvəzolunmazdır. Bu səbəbdən gələcəyin təhsil modeli rəqəmsalın sürəti ilə ənənəvi təhsilin sosial gücünü birləşdirən hibrid bir quruluş olacaqdır".
Ş.Qocayev qeyd edib ki, rəqəmsal alətlər təhsilin keyfiyyətini və əhatə dairəsini artıran strateji imkan kimi dəyərləndirilməlidir: "Bizim əsas vəzifəmiz rəqəmsal alətləri sadəcə texniki vasitə kimi deyil, təhsilin keyfiyyətini və əhatə dairəsini artıran strateji bir imkan kimi dəyərləndirməkdir".
Fatimə Nəbiyeva












