Böyük şəhərlərdə kirayə mənzil bazarında qiymət artımı müşahidə olunur və bu, xüsusilə tələbələr və gənclər üçün çətinlik yaradır.

Mövzu ilə bağlı inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan QHT.az-a açıqlama verib.

M.Ərturanın sözlərinə görə, məsələ yalnız bazar qiymətlərinin artımı ilə məhdudlaşmır və daha geniş urban problemlərlə bağlıdır: "Bu məsələni yalnız bazar qiymətlərinin artımı kimi yox, şəhərsalma və sosial infrastruktur balansının pozulması kimi qiymətləndirmək daha doğru olar. Böyük şəhərlərdə, xüsusilə Bakı kimi mərkəzlərdə kirayə qiymətlərinin artması bir neçə paralel faktorun nəticəsidir: urbanizasiya tempinin yüksəlməsi, tələb-təklif balansının pozulması və əlçatan yaşayış fondunun yetərli olmaması".

Muxtar Ərturan bildirib ki, bu proses uzunmüddətli dövrdə ciddi sosial nəticələr doğura bilər: "Bir memar kimi bunu deyə bilərəm ki, uzunmüddətli perspektivdə bu prosesin sosial təsirləri kifayət qədər ciddi ola bilər. İlk növbədə, gənclərin və tələbələrin şəhər daxilində yaşamaq imkanları məhdudlaşır və bu, onların təhsil, iş və sosial inteqrasiya imkanlarına birbaşa təsir edir. Nəticədə şəhər mərkəzindən periferiyaya məcburi miqrasiya baş verir ki, bu da nəqliyyat yükünü artırır, vaxt və məhsuldarlıq itkisinə səbəb olur".

Ekspert vurğulayıb ki, kirayə bazarındakı artım sosial təbəqələşməni daha da dərinləşdirir: "Şəhərsalma və İnşaat sahəsində praktiki analizlərimə əsasən deyə bilərəm ki, bu tendensiya sosial təbəqələşməni sürətləndirir. Şəhər mərkəzləri daha yüksək gəlirli qruplar üçün əlçatan olur, aşağı və orta gəlirli əhali isə kənar zonalara sıxışdırılır. Bu isə şəhərin funksional və sosial balansını pozur, uzunmüddətli dövrdə isə urban mühitin keyfiyyətinə mənfi təsir göstərir".

M.Ərturanın fikrincə, qiymət artımı qeyri-rəsmi yaşayış formalarının yayılmasına da gətirib çıxara bilər: "Digər tərəfdən məsələnin digər vacib tərəfi odur ki, kirayə bazarındakı bu artım qeyri-rəsmi və standartlardan kənar yaşayış həllərinin artmasına da səbəb ola bilər. Bu isə təhlükəsizlik, sanitar şərait və tikinti keyfiyyəti baxımından əlavə risklər yaradır".

Ekspert qeyd edib ki, problemin həlli kompleks və planlı yanaşma tələb edir: "Çıxış yolu kimi yanaşma yalnız qiymətlərin tənzimlənməsi ilə məhdudlaşmamalıdır. Burada əsas məsələ planlı şəkildə “əlçatan mənzil” konseptinin tətbiqi, şəhərsalma siyasətində balansın qorunması və yeni yaşayış layihələrinin yalnız kommersiya deyil, sosial komponentlərlə də inkişaf etdirilməsidir. Paralel olaraq, kirayə bazarının daha şəffaf və tənzimlənən modelə keçidi də vacibdir".

M.Ərturanın sözlərinə görə, vaxtında müdaxilə olunmazsa problem daha da dərinləşəcək: "Nəticə olaraq isə bunu deyim ki, bu prosesə vaxtında və sistemli müdaxilə edilməzsə, gələcəkdə şəhərlərdə sosial ayrışma, infrastruktur yüklənməsi və yaşayış keyfiyyətinin aşağı düşməsi kimi problemlər daha qabarıq formada özünü göstərəcək. Bu isə artıq təkcə iqtisadi yox, strateji şəhər inkişafı məsələsinə çevrilir".

Fatimə Nəbiyeva