Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında elektron jurnalların tətbiqinin yalnız texnoloji yenilik deyil, həm də müəllim əməyinə münasibətdə keyfiyyətcə yeni mərhələ olduğunu bildirib.
Ekspertin sözlərinə görə, bu sistem həm məktəb rəhbərliyi, həm də müəllimlər üçün nəzarət və planlaşdırmanı asanlaşdırır:
"Artıq müəllim hansı sinifdə hansı mövzunun keçildiyini, neçə dərs qalığını və ya hansı şagirdin davamiyyətində problem olduğunu asanlıqla görə bilir. Bu, kağız jurnallarla müqayisədə həm operativ, həm də səhv payını azaldan bir mexanizmdir. Elektron jurnal müəllimin peşəkar enerjisini sənədləşmədən tədrisə yönəldir. Ən əsası odur ki, müəllimin enerjisi artıq ‘qələmlə yazmaq’a deyil, ‘tərbiyə və tədris’ə sərf olunur. Müəllim dərsini daha rahat planlaya, vaxtını daha düzgün bölə, özünə və şagirdlərinə daha çox zaman ayıra bilir."
Əmrah Həsənli əlavə edib ki, sistemin ilkin mərhələsində müəyyən texniki çətinliklərin yaranması təbiidir, lakin uzunmüddətli baxdıqda elektron jurnallar işin səmərəliliyini və şəffaflığını artırır:
"Kağız jurnallardan imtina sadəcə texnoloji keçid deyil – bu, müəllim əməyinə olan yanaşmanın dəyişməsidir. Müəllimin vaxtını sənədə yox, təhsilə sərf etməsinə imkan verən bir yanaşmadır."
Pərvanə Fərhadqızı












