Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında kağız jurnalların ləğvini təhsil sistemində çoxdan gözlənilən və vacib addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, illərdir müəllimlər əsas fəaliyyətlərini – dərsi və şagirdlərlə ünsiyyəti – sənədləşmə yükünün altında itirirdilər:

"Müəllim bəzən günün yarısını tədrisə deyil, hansısa cədvəli, jurnalı və ya hesabatı doldurmağa sərf edir. Bu, nə tədrisin keyfiyyətinə, nə də müəllimin motivasiyasına xidmət edir."

Ə.Həsənli bildirib ki, elektron jurnallar bu baxımdan müasir idarəetmənin labüd tələbi idi:

"Elektron sistem müəllimin yükünü azaltmaq üçün ən real vasitədir. Müəllim məlumatı bir dəfə daxil etməklə onu avtomatik müxtəlif bölmələrə ötürür, hesabatları formalaşdırır, nəticələri ümumiləşdirir. Bu sadə görünür, amma nəticə etibarilə hər gün saatlarla vaxt qənaətidir."

Ekspertin fikrincə, bu addım həm tədrisin keyfiyyətinin yüksəlməsinə, həm də müəllimlərin motivasiyasının artmasına xidmət edəcək.

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az