Boccia İdman Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan idmançıları qarşıdan gələn Qazaxıstan səfərinə ciddi şəkildə hazırlaşırlar.

İlham Məhərrəmovun sözlərinə görə, Orxan Kərimov indiyədək 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Hazırda o, növbəti yarış üçün tam gücü ilə məşq prosesini davam etdirir:

"Digər idmançımız Behruz Mirzəyev də 3 qızıl və 3 bürünc medal sahibi kimi Boccia idman növündə ölkəmizi qürurla təmsil edir. O da Qazaxıstanda keçiriləcək yarış üçün ciddi hazırlıq mərhələsindədir. İlham Məhərrəmovun sözlərinə görə, hər məşq və hər hərəkət Behruz üçün yeni bir məqsədə, yeni bir uğura doğru addımdır. “O, bu dəfə də Azərbaycan bayrağını zirvədə dalğalandırmaq və ölkəmizi layiqincə təmsil etmək üçün bütün gücünü ortaya qoyur”.

İlham Məhərrəmov vurğulayıb ki, Federasiyanın daha bir uğurlu idmançısı, Sona Ağayeva 9 qat Azərbaycan çempionu olmaqla yanaşı, 1 qızıl, 4 gümüş və 1 bürünc medal sahibidir:

"O, Boccia idman növündə Azərbaycanın ən güclü qadın idmançılarından biri kimi tanınır. Uğurlu çıxışları, zəhməti, səbr və iradəsi ilə seçilən Sona Ağayeva da hazırda Qazaxıstanda keçiriləcək yarış üçün intensiv hazırlıq mərhələsindədir. Azərbaycan Boccia idmançılarının məqsədi beynəlxalq arenada yeni uğurlar qazanmaq və ölkəmizin adını qürurla ucalmaqdır".

 

Pərvanə Fərhadqızı