2025-ci ilin noyabr ayında müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 ili tamam olur. Bu müddət ərzində Azərbaycanda bütün istiqamətlərdə dinamik inkişaf və sürətli dəyişikliklər baş vermişdir. Buna görə də ötən dövr ərzində Konstitusiyaya ümumxalq səsverməsi yolu ilə 3 dəfə ((2002, 2009, 2016-cı illərdə) dəyişiklik və əlavələr edilmişdir. 30 il əvvəl qəbul olunmasına baxmayaraq Azərbaycan Respublikasının Konstitusiyası modern (müasir) konstitusiya olaraq qalmaqdadır. Konstitusiyada hakimiyyətin bölünməsi, insan hüquq və azadlıqlarına dair beynəlxalq təsnifata uyğun olaraq bütün insan hüquq və azadlıqlarının əks olunub. Konstitusiyaya hakimiyyətin mənbəyinin xalq olmasına dair müddəa daxil edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 48 maddəsi (24-71 maddələr) Əsas insan və vətəndaş hüquqları və azadlıqlarına aiddir.

Konstitusiyamızda əks olunan hüquqlardan biri də hər kəsin təhsil almaq hüququdur.

Yüksək təhsilıin olmadığı cəmiyyət inkişaf edə bilməz. Bu baxımdan Konstitusiyamızın 42-ci maddəsinin birinci bəndində qeyd olunur ki, “hər bir vətəndaşın təhsil almaq hüququ vardır”. Konstitusiyamızda “hər bir vətəndaş” ifadəsi işlənsə belə Azərbaycanda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də təhsil almaq, o cümlədən əcnəbi və vətəndaşlığı olmayanların da Azərbaycan vətəndaşları ilə yanaşı pulsuz icbari təhsil almaq hüququ vardır və bu “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununun 5.4 və 19.18-ci maddəslərində əks olunmuşdur. Qanunun 5.4-cü maddəsində qeyd olunur ki, “...Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir”. Həmçinin Qanunun 19-cu maddəsinin 18-ci bəndində göstərilir ki, “Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur”.

Konstitusiyanın 42-ci maddəsinin 4-cü bəndinə əsasən “Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”.

Ümumi icbari təhsillə yanaşı “Təhsil Haqqında” Qanun “...Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində  qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir”. Qanunvericiliklə müəyyən olunmuş şərtlər daxilində və imtiyazlı və təminatsız əhali qrupuna daxil olan ailələrin üzvləri orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində bir dəfə pulsuz təhsil almaq hüququna malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə, həmçinin hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərmiş abituriyentlər dövlət və ya özəl təhsil müəssisələrində təhsil almasından asılı olmayaraq dövlət hesabına təhsil alırlar. Həmçinin təminatsız və imtiyazı olan ailələrin üzvləri, eləcədə valideyn himayəsindən məhrum olan şəxslər də bir dəfə dövlət hesabına orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində bir dəfə pulsuz təhsil almaq hüquqna malikdirlər.

Konstitusiyamızda əks olunan bu hüquq dövlətin öz vətəndaşının sacadlı olmasında maraqlı olmasının göstəricisidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə hazırda Azərbaycan əhalisinin sayı 10249500 nəfər təşkil edir. Əhali sayına nisbətdə təhsil müəssələrinin sayı orta Avropa göstəricilərindən xeyli yüksəkdir. Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi, 63 orta-ixtisas təhsil müəssisəsi, 87 peşə təhsil müəssisəsi, 4362 orta məktəb, 1872 məktəbəqədər təhsil müəsisəsi fəaliyyət göstərir.

30 il əvvəl, Ümummilli Lider Heydər Əliyevin müəllifliyi ilə qəbul olunan Konstitusiyamızda təhsil hüququnun əsas hüquqlardan biri kimi göstərilməsi təsadüfü deyildir. Ümummilli Lider təhsilə çox böyük önəm verirdi. Ümummilli Liderin təhsillə bağlı çoxsaylı kəlamlarıdan biri də budur: “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir”.

Heyran Məmmədova

Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi