Azərbaycan qadınları cəmiyyətdə daim inkişaf edən və dəyişən bir rola malikdir. Həm cəmiyyətin fərdlərinin, həm də dövlətin inkişafında əhəmiyyətli bir rol oynayır. Bu səbəbdən, qadınların cəmiyyətdə mövcudluğu və onların fəaliyyətləri dəyərlidir.

QHT.az Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri, Yuvenaal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumovadan Azərbaycan qadınlarının cəmiyyətdə hansı sahələrdə daha çox nüfuz qazandığı, həmin sahələrdəki nailiyyətləri, qadınlarımızın fəaliyyətlərinə dəstək vermək üçün dövlətin və cəmiyyətin hansı addımlar atması haqqında açıqlama alıb. QHT sədri qadınların ən çox tibbi, müəllimlik, pedaqoji, kosmetoloji, sahibkarlıq və hüquq sahələrində çalışdığını qeyd edir. Bu sahədə qadınların önəmli naliyyətlər göstərdiyini vurğulayır: “Son zamanlar siyasi sahəni də qeyd etmək lazım və vacibdir ki, Milli Məclisdə deputatların sırasında qadınların artdığını görürük. Qadınların siyasi arenadakı mövcudluğu və fəaliyyəti həm ölkəmiz, həm də beynəlxalq miqyasda əhəmiyyətli bir təsir yaratmaqdadır”.

Həmçinin Aşumova qızların təhsil alması və maarifləndirilməsi haqqında söhbət açır və cəmiyyətin bu sahədə daha çox dəyişmək üçün çalışmalı olduğunu vurğulayır: “Uzun illərdir, son 5 ildə maarifləndirmə ilə, qızların təhsilə yönəlməsi ilə yanaşı kifayət qədər işlər görülüb. Bir qıza təhsil veririksə, demək bütün cəmiyyəti, böyük bir əhalinin təhsil almasına səbəb oluruq. Bu deviz altında maarifləndirmədən tutmuş, maddi qanunvericili, yeni maddələrin salınması kimi kifayət qədər işlər görülüb”.

QHT sədri son olaraq, gənc nəslə sərmayə qoymağın və onları düzgün inkişaf etdirməyin vacib olduğunu vurğulayır və interaktiv vəsaitlərin istifadə edilməsinin önəminə diqqət çəkir: “Cəmiyyət olduqca çətinliklər, problemlər də olacaq. Bunun üçün hansısa qanunun dəyişməsinə ehtiyac görmürəm. Əhali arasında maariflənmənin davamlı şəkildə aparılması, qadınlara qarşı düzgün yanaşma, qızlarımızın təhsil alması, böyüklərin bu istiqamətdə şüuru dəyişilməlidir. Biz gənc nəslə sərmayə qoymalıyıq ki, onlar ana olaraq gələcəkdə cəmiyyətdə ağıllı, savadlı, düzgün inkişaf edə biləcək bir sərbəst vətəndaş olsun, mənfi hallarla rastlaşmasın. Uşaqlıqdan oğlan və qızlarla birgə nəvaziş, qayğı ilə, zorakılıqdan kənar maarifləndirilməli və bu da nümayiş etdirilməlidir. Məktəblərdə interaktiv vəsaitlərdən istifadə etməklə bunları aşılamalıyıq”.

 

Pərvanə Fərhadqızı