Bakı Dövlət Universitetində (BDU) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi tərəfindən keçirilən “Gələcəyini qur!” layihəsi çərçivəsində “Abituriyentlərə dəstək” proqramının ilk təlimi baş tutub.
QHT.az xəbər verir ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov iştirakçıları salamlayaraq, həyatlarındakı ən önəmli addımların atıldığı bir dövrdə abituriyentlər üçün belə bir təlimin faydalı olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU hər zaman gələcəyimiz olan gənclərin inkişafı, tərəqqisi və irəli getməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Universitetin nəzdində fəaliyyət göstərən tələbə təşkilatları, həmçinin Mədəniyyət-yaradıcılıq Mərkəzi də bu kimi işləri həyata keçirən təsisatlardandır.
AQUPDK-nın Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin fəaliyyət mexanizmindən, keçirdiyi tədbirlərdən söz açıb. Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin kordinatorları Əsmər İsmayılova və Nurlan Cəbrayılzadə önəmli dövrlərdən keçən abituriyentləri diqqətli olmağa çağırıblar, eyni zamanda gələcək peşələrinin onların həyatlarını formalaşdıracaq və yönləndirəcək bir vasitə olduğunu nəzərə alaraq bu yolda hər zaman əzmlə çalışmağın müsbət nəticələri bərabərində gətirəcəyini qeyd ediblər. Uşaq Səfirlər Məclisinin üzvləri Jalə Muradlı və Xəlil Babayev tərəfindən interaktiv şəkildə aparılan təlimdə uşaqlara imtahan prosesinə hazırlıq zamanı stresin idarə olunması, özünü motivasiyə etməyin yolları izah edilib.
Təlim sual-cavab sessiyası ilə davam edib. Təlim 4 və 6 mart tarixləri olmaqla iki gün nəzərdə tutulub.












