29 iyun 2021-ci il tarixdə “Şəffaflıq, korrupsiya ilə mübarizə, hesabatlılıq standartları və monitorinq bacarıqları” mövzüsunda təlim keçirilmişdir. Təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ŞVC) layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə əməkdaşlıqda təşkil olunmuşdur.
Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyev və ECSOFT layihəsinin eksperti Rəna Səfərəliyeva təqdimatla çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində ölkə qanunvericiliyinin tələbləri, hesabatlılıq standartları və monitorinq bacarıqları haqqında ətraflı məlumat vermiş və iştirakçıların suallarını cavablandırmışdır. Tədbir iştirakçılarına monitorinq vasitələri və üsulları, monitorinqin növləri və metodologiyası, eyni zamanda monitorinq hesabatının strukturuna dair praktiki məlumatlar verilmişdir.
Tədbirdə Bakı şəhəri və rayonlardan ümumilikdə 26 QHT nümayəndəsi iştirak etmişdir. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.












