Barbadosun Baş naziri Mia Mottley süni intellektin yaratdığı risklərdən vətəndaşları qorumaq üçün texnologiya şirkətlərinin mənfəətindən müəyyən vəsait ayrılmasını təklif edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, noyabrın 23-də Brictaunda keçirilən süni intellektin təhlükəsizliyinə həsr olunmuş sammitdə çıxış edən Mia Mottley texnologiya şirkətlərinin mənfəətindən ən azı 5 faiz həcmində xüsusi vergi tutulmasını təklif edib.
Baş nazir bildirib ki, şirkətlərin mənfəətinin kiçik bir hissəsinin ayrılması hökumətlərə süni intellektin yaratdığı risklərdən vətəndaşları qorumaq üçün maliyyə dəstəyi göstərə bilər. Onun sözlərinə görə, bu məbləğ böyük texnologiya şirkətləri üçün ciddi maliyyə yükü yaratmayacaq.
Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş isə inkişaf etməkdə olan ölkələrin süni intellektdən istifadəsinə dəstək məqsədilə 3 milyard dollarlıq fond üçün tərəfdaşlar axtarıldığını açıqlayıb.











