QHT.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışını Azərbaycanın elmi-intellektual gücünün təsdiqi kimi dəyərləndirib.
Deputat bildirib ki, Vətən müharibəsində qazandığımız Zəfər yalnız texnologiya ilə deyil, Azərbaycan mühəndislərinin, alimlərinin və intellektual potensialının birgə nəticəsi olub:
"Ulu öndər Heydər Əliyevin elmin inkişafına dair siyasəti bu gün strateji üstünlüklərimizin əsasını təşkil edir və Prezident İlham Əliyev həmin kursu daha müasir texnoloji mərhələyə daşıyır. Yerüstü güc-insan kapitalı, mühəndislik və tətbiqi elmlər, Vətən müharibəsinin əsas dayağı olan yüksək hazırlıqlı zabit korpusu, coğrafi və relyef analizləri, kəşfiyyat sistemləri və ağıllı döyüş taktikaları əslində, elmi biliklərin orduya inteqrasiyası deməkdir. Göylərdəki gücümüz isə, pilotsuz uçuş aparatları, raket sistemləri və texnoloji üstünlük oldu. Azərbaycan ordusunun son nəsil PUA sistemləri, ağıllı raket texnologiyaları, koordinasiya və hədəf seçmə alqoritmləri, radioelektron mübarizə vasitələri məhz milli mühəndislərin, analitik mütəxəssislərin, hərbi texnoloqların hazırlığı-elmi biliklərinin nəticəsi idi. Azərbaycan dövləti İsrailin müasir raketlərini müharibədə uğurla tətbiq edən, Zəfər qazanan tək ölkə kimi onun elm siyasətindən də yararlana bilər. Elmdə də Zəfər qazanmaq ərazi bütövlüyümüz kimi ölkəmizə texnoloji suverenlik gətirəcəkdir".
Pərvanə Fərhadqızı












