“Qeyd - Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycanda könüllülük hərəkatının inkişafı, institusional çərçivəsi və cəmiyyət üçün əhəmiyyəti barədə fikirlərini QHT.az-a bölüşüb.
Tural Nurməmmədov bildirib ki, Beynəlxalq Könüllülər Günü ölkəmizdə ictimai fəallığın güclənməsi, sosial layihələrin artması və gənclərin cəmiyyət həyatında daha fəal iştirakı baxımından xüsusi önəm daşıyır:
"Bu sahədə ciddi irəliləyişlər əldə olunub. Xüsusilə 2019-cu ildə qəbul edilən “Könüllülük fəaliyyəti haqqında” Qanun institusional inkişafda mühüm rol oynayıb. Qanun fəaliyyətin hüquqi çərçivəsini müəyyənləşdirib, iştirakçıların hüquq və vəzifələrini, sosial müdafiəsini və əməyinin tanınmasını təmin edən baza yaradıb. Bu gün bu sahə ölkəmizdə sosial təşəbbüslərin həyata keçirilməsi, ictimai xidmətlərin dəstəklənməsi və dövlətlə cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".
Tural Nurməmmədovun sözlərinə görə, vətəndaş cəmiyyəti təşkilatları bu prosesdə aparıcı rolu oynayır:
"Davamlı inkişaf yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı ilə mümkündür. Bu qurumlar həm təşkilatçı, həm maarifləndirici, həm də əlaqələndirici rol oynayır. Onların həyata keçirdiyi təlimlər, sosial kampaniyalar və layihələr gənclərin ictimai proseslərdə iştirakını artırır və ictimai fəallığı cəmiyyətin ayrılmaz davranış modelinə çevirir. Vətəndaş cəmiyyəti qurumları həmçinin dövlət ilə gənclər arasında əməkdaşlıq platforması yaradır və bu, müxtəlif proqramlara qoşulmalarına şərait yaradır. Regionlarda isə onların fəaliyyəti xüsusilə vacibdir. Yerli təşkilatlar icmaların ehtiyaclarını nəzərə alaraq yeni təşəbbüslər formalaşdırır, gənclərin sosial aktivliyini artırır və bölgələrin ictimai həyatına dinamizm gətirirlər.
O, həmçinin könüllülük fəaliyyətində inklüzivliyin ön plana çıxmasını müsbət tendensiya kimi qiymətləndirib:
"Digər diqqətəlayiq məqam inklüzivlikdir. Təşkilatlar fəaliyyəti yalnız gənclərlə məhdudlaşdırmır, qadınları, ahılları, əlilliyi olan şəxsləri və sosial həssas qrupları da cəlb etməklə cəmiyyətin sosial həmrəyliyinin möhkəmlənməsinə töhfə verirlər. Ümumilikdə, dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və fəal gənclərin birgə fəaliyyəti Azərbaycanda ictimai iştirakçılığı daha genişləndirir, sosial şüuru yüksəldir və cəmiyyətin birliyini möhkəmləndirir."












