Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) dekabrın 1-də Elm və Təhsil Nazirliyinin nəzdində publik hüquqi şəxs kimi fəaliyyət göstərən Naxçıvan Müəllimlər İnstitutunda “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının təqdimatını təşkil edib.
QHT.az xəbər verir ki, Zəfər Gününə həsr olunan bu nəşr kitabın müəllifi – İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev tərəfindən iştirakçılara təqdim olunub.
Kitabda Ermənistan–Azərbaycan münaqişəsinin mahiyyəti, bu münaqişənin həllində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi xətti, eləcə də 44 günlük Vətən müharibəsinə aparan ideoloji, hüquqi və siyasi əsaslar dərindən araşdırılıb. Müəllif tərəfindən Azərbaycanın illər boyu işğala qarşı apardığı mübarizə həm haqq və ədalət, həm də beynəlxalq hüquq prizmasından təhlil olunub.
Tədbirdə ümumilikdə 130 nəfərdən ibarət tələbə və müəllim heyəti iştirak edərək, kitabın mövzusu, mahiyyəti və elmi dəyəri ilə yaxından tanış olublar. Təqdimat zamanı müəllifin əsərə elmi yanaşması, tarixi faktlara söykənən təhlilləri və milli suverenlik ideyası haqqında fikirləri geniş müzakirə edilib.












