Bu gün təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan xalqının ürəyində xüsusi yeri olan, mərhəmət və xeyirxahlığın rəmzinə çevrilmiş Mehriban Əliyevanın doğum günüdür.

Azərbaycan dövlətçilik tarixinin müasir mərhələsi yalnız siyasi, iqtisadi və hərbi güclə deyil, həm də mədəniyyət, humanizm və sosial məsuliyyətlə tamamlanır. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti milli inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Onun doğum günü, əslində, bir şəxsiyyətin həyat yolunu deyil, bütöv bir ideyanın – xalqa xidmət məfkurəsinin təntənəsini ifadə edir.

Onu hər kəs fərqli tanıyır – kimisi Birinci vitse-prezident kimi, kimisi Heydər Əliyev Fondunun rəhbəri kimi, kimisi isə sadəcə xalqına könüldən bağlı Azərbaycan xanımı kimi. Amma ortaq fikir eynidir: Mehriban Əliyeva harda olmasından, hansı statusu daşımasından asılı olmayaraq Azərbaycanın adını ucaldır, insanlara sevgi və ümid bəxş edir. Mehriban Əliyeva müasir Azərbaycan qadınının  milli-mənəvi dəyərlərlə Avropa modelini birləşdirən lider obrazıdır. O, siyasətdə qadın zərifliyi ilə dövlətçilik qətiyyətinin vəhdətinə nail olan, xeyriyyəçilikdə fərdi təşəbbüsü ümummilli hərəkat səviyyəsinə yüksəldə bilən nadir şəxsiyyətlərdəndir. Onun fəaliyyət  sahəsi o qədər  genişdir ki...

Sirr deyil ki, məhz Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində Azərbaycan musiqisi, poeziyası, tarixi irsi beynəlxalq aləmdə geniş miqyasda tanıdılıb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti milli kimliyimizi dünya miqyasında təbliğ etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Muğam sənətinin qorunub saxlanılması və dünya səhnələrində təqdimatı, tarixi abidələrin bərpası, qədim mədəniyyət nümunələrimizin gələcək nəsillərə ötürülməsi Mehriban Əliyevanın milli-mənəvi diplomatiyasının bariz nümunələridir.

Mehriban Əliyeva üçün siyasət yalnız idarəçilik texnologiyası deyil, həm də humanizm fəlsəfəsidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələr – uşaq evlərinin yenidən qurulması, səhiyyə müəssisələrinin modernləşdirilməsi, şəhid ailələri və müharibə veteranlarına dəstək proqramları – cəmiyyətin ən həssas təbəqələrinə dövlət qayğısını daha əlçatan etmişdir. Bu fəaliyyət sosial ədalət ideyasının yalnız deklarativ şüar deyil, praktiki siyasət olduğunu təsdiqləyir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyeva dövlət idarəçiliyində yüksək intellektual səviyyə və qətiyyət nümayiş etdirir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasında, humanitar əməkdaşlıq platformalarının genişlənməsində Mehriban xanımın diplomatik xidməti xüsusi çəkiyə malikdir.

Günümüzdə  beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeləri yalnız iqtisadi və hərbi güclə deyil, həm də mədəniyyət, humanizm  diplomatiyası ilə, sivilizasiyalararası münasibətlərdə oynadığı rolla müəyyənləşir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məhz bu qlobal prosesin aparıcı simalarından biridir. Onun beynəlxalq müstəvidə sərgilədiyi  təşəbbüskarlığı, fəaliyyəti ölkəmizin humanitar imicinə əvəzsiz töhfələr verir, Azərbaycanı sivilizasiyalararası dialoqun etibarlı tərəfdaşına, məkanına çevirir. UNESCO-nun,  ISESCO-nun xoşməramlı səfiri  statusları Mehriban xanımın sadəcə fəxri adı deyil, həm də beynəlxalq miqyasda, mədəniyyətlərarası dialoqda fəal iştirak və qlobal humanitar təşəbbüslərin təşviqi deməkdir.

Məhz Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlığı çərçivəsində Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq və kəlağayı ənənələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. ISESCO ilə tərəfdaşlıq çərçivəsində İslam mədəniyyət abidələrinin qorunması, təhsil və elmi proqramların dəstəklənməsi həyata keçirilmişdir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu BMT, Avropa Şurası, UNICEF və ÜST kimi təşkilatlarla əməkdaşlıq edərək 40-dan çox beynəlxalq layihəyə imza atmışdır. Faktlar bir daha göstərir ki, onun fəaliyyəti yalnız milli maraqlara deyil, həm də ümumbəşəri dəyərlərin qorunmasına xidmət edir.

Parisdə Luvr Muzeyində İslam incəsənəti bölməsinin açılışı, Versal Sarayında bərpa işlərinin maliyyələşdirilməsi, Vatikanda katakombaların restavrasiyası Azərbaycanın humanitar diplomatiyasının nümunələridir.

Mehriban Əliyevanın rəhbərlik etdiyi layihələr təkcə mədəniyyət sahəsi ilə məhdudlaşmır, həm də sosial və tibbi proqramlarla qlobal humanizm nümunəsi yaradır.

Pakistan, Sudan, İordaniya, Gürcüstan və Misirdə uşaq evlərinin, məktəblərin və xəstəxanaların dəstəklənməsi, Parisdə və Strasburqda uşaq səhiyyə mərkəzlərinin maliyyələşdirilməsi onun xeyriyyəçiliyinin beynəlxalq xarakterinin təsdiqidir.

Əgər dövlət başçısı Azərbaycanı beynəlxalq arenada siyasi güc kimi təqdim edirsə, Mehriban xanım onu humanizm və mədəniyyətin ünvanı kimi tanıdır. Onun fundamental fəaliyyəti nəticəsində Azərbaycan adı bu gün yalnız zəfərlə deyil, həm də xeyirxahlıqla, mərhəmətlə, sivilizasiyalararası körpü ilə assosiasiya olunur.

Mehriban Əliyeva nümunəsi dünyaya göstərdi ki, Azərbaycan xalqı yalnız öz milli dəyərlərinə  deyil, həm də bəşəriyyətin ümumi dəyərlərinə böyük töhfələr verən bir dövlətdir.


 

Mətanət Ağamirli

Əməkdar jurnalist