"Çoxdan idi düşündüyüm kiçik bir yazımı sizlərə təqdim edirəm. Bu, hər birinizin real həyatda və bəlkə də hər gün rastlaşdığınız problemlərə toxuacaq".
QHT.az xəbər verir ki, bu fikirləri "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib.
İ.Hüseynlinin sözlərinə görə, maddi təminatın qeyri-müəyyənliyi insanlarda gələcəklə bağlı qorxu yaradır:
"Qorxuram, kartımda, ehtiyatımda və cibimdə pulumun bitməsindən qorxuram. Çünki sabah pul qazana biləcəyəmmi sualının cavabını tapa bilmirəm".
İlqar Hüseynli həqiqəti söyləməyin və doğru fikirləri ifadə etməyin çətinləşdiyini vurğulayıb:
"Düz söz, düz fikir bildirməkdən qorxuram. Çünki həqiqətin və doğrunun yanında olan insanların sayı o qədər azalıb ki, hökmü verənlər sənin doğru bildiklərinin yalan olduğunu qəbul edib hökm verəcək".
Sədr haqqın müdafiəsinin çətinləşdiyini və haqsızların hökm sahibi olduğunu qeyd edib:
"Haqqın yanında olmaqdan qorxuram. Çünki haqqın sübutları tükənib və haqsızlar haqqın özünü belə haqsız çıxara bilir. Və güc, mühakimə edən də onlardır".
İ.Hüseynli yol hərəkətindəki qeyri-müəyyənliklərin sürücülərdə qorxu yaratdığını bildirib:
"Mən maşın sürməkdən qorxuram. Yollara o qədər torlar çəkiblər ki, tora düşməkdən qorxuram. Hərdən yaşıl işıqda keçirəm və baxıram ki, yol ayrıcında yol polisinin avtomobili dayanıbmış. Onda da qorxuram. Bilirsiniz niyə? Fikirləşirəm ki, hardasa səbəbsiz dayanmayıb bu. Bizim nəsə burdan keçəndə bilmədiyimiz bir qayda var və mən 3 bal 100 manat cərimələnəcəm. Və 24 saat SMS Radarın gəlib-gəlməyəcəyini fikirləşməkdən qorxuram. 100 manat ailə büdcəmə ziyan vurmaqdan və evdə danlanmaqdan qorxuram".
Sədr bəzi yol nişanlanmalarının qeyri-müəyyənliyinin sürücülərdə əlavə gərginlik yaratdığını vurğulayıb.
İ.Hüseynli cərimə və qadağalarla bağlı daimi narahatlıq keçirdiyini də qeyd edib.
İlqar Hüseynli gündəlik həyatın müxtəlif sahələrində insanların stress və qorxu ilə üzləşdiyini bildirib:
"Evdə danışmaqdan, çöldə soruşmaqdan qorxuram. Streslərdən qorxuram. Kommunal xidmətlərin bahalaşacağından qorxuram. Ərzağın bahalaşmasından qorxuram. Qorxuram ki, şəkər tozunun qiyməti o qədər bahalaşar ki, evdəkilər yayda mürəbbə bişirə bilməz. Axı mürəbbələr bizi qışdan çıxarır. Qışdan çıxa bilməməkdən qorxuram".
Sədr cəmiyyətdə gələcəyə dair inamın zəiflədiyini və qorxunun həyatın bütün sahələrini əhatə etdiyini vurğulayıb.
İ.Hüseynli stressin sağlamlığına və övladlarının gələcəyinə təsirindən narahat olduğunu diqqətə çatdırıb
İlqar Hüseynli Uilyam Şekspirin fikrinə istinad edərək yaşamağı bacarmaq və qorxulara qalib gəlmək istəyini ifadə edib:
"Uilyam Şekspir deyib ki, “İnsan ölməkdən qorxur — yaşamağı bacarmadığı üçün”. Mən yaşamağı bacarmaq üçün ölməkdən və qorxudan qorxuram! Axı niyə biz məmləkətimizdə qorxa-qorxa yaşamalıyıq? Necə dedi Xəlil Rza: “Qorxa-qorxa yaşadıq ki, bu günə qaldı məmləkət”. Amma necə dedi alman yazıçısı Tomas Mann: “Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir”. Yunan filosofu Platon isə belə dedi: “Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz”.
İ.Hüseynli düşmənlərin qorxularımızdan güc almasına imkan verməməyə və cəmiyyətdə qorxu əvəzinə hörmətin hakim olduğu mühitin formalaşmasına çağırıb.












