Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” başa çatıb.
Proqramın son günü QHT təmsilçiləri üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. Təlimlər zamanı layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş, sosial mediada effektiv təmsilçilik və rəqəmsal kommunikasiya prinsipləri, eləcə də digər mühüm istiqamətlər üzrə iştirakçıların bilik və bacarıqları artırılıb.
Proqramın yekununda təlimlərdə uğurlu nəticə göstərən QHT təmsilçilərinə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Agentlik tərəfindən QHT-lərin İnkişaf və Mübadilə Proqramları 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakıda, 2024-cü ildə Naxçıvan və Şamaxıda, 2025-ci ildə isə Şuşada təşkil olunub.
2022–2025-ci illərdə keçirilən proqramlarda ümumilikdə 600 QHT təmsilçisi iştirak edib. Lənkəranda təşkil olunan VII İnkişaf və Mübadilə Proqramı ilə bu təşəbbüsün əhatə dairəsi daha da genişlənib.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi, institusional potensialının gücləndirilməsi, eləcə də QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.