Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanunda dəyişikliklə müəllimlərin işə qəbulu müsabiqəsində iştirakın ödənişli olmasını nəzərdə tutan fərman imzalayıb. İstisnalar arasında ilk dəfə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailələrin üzvləri, şəhid ailəsi və “Müharibə veteranı” adı almış şəxslər yer alır.

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a bildirib ki, pul ödədiyim üçün, mən mütləq uğur qazanmalıyam, fikrində olan kadr, çox böyük stress yaşayar, hətta peşədən uzaqlaşmasına səbəb ola bilər:

"Fikrimçə, regionlarda yaşayan namizədlər üçün bu sistem xüsusi çətinliklər yarada bilər. Qanunvericilikdə müəyyən imtiyazlı qruplar üçün güzəştlər nəzərdə tutulması təqdirə layiqdir. Problemin yumşaldılması məqsədilə, fikrimcə, aşağı gəlirli namizədlər üçün, ödənişin işə qəbuldan sonra maaşdan minimal faizlə tutulması, eyni zamanda regionlarda yaşayanlar üçün də fərqli tarif tətbiqi, maliyyə yükünü yüngülləşdirər, həm də sistemin ədalətliliyini təmin edə bilər".