"Bizim də hər yerdə deyildiyi kimi, süni intellektin tətbiqi ilə bağlı Prezidentin çağırışı olub. Gələcəkdə bu sahədə işləmək üçün məntiqi biliklərə yiyələnmək vacibdir. Bu sahədə İQ səviyyəsi yüksək gənclərə ehtiyac var ki, onlar süni intellekti düzgün istifadə edə bilsinlər. Yüksək İQ dünyada çox populyardır və eyni zamanda, gənclərimizin də məntiqi təfəkkür səviyyəsinin yüksəlməsində böyük rolu ola bilər".

Bunu QHT.az-a Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov bildirib. Onun sözlərinə görə, bu səbəbdən müəyyən kadr potensialını hazırladıqdan sonra müəllimləri bu istiqamətdə inkişaf etdirmək, aşağı siniflərdə müəyyən fənlərin içində bilikləri bu sahəyə yönəltmək, yuxarı siniflərdə isə xüsusi fənn kimi tədris etmək mümkündür. Bunun üçün birinci növbədə kadr potensialı hazırlanmalıdır. İkincisi, fənnin hansı formada və necə keçiriləcəyinə dair standartlar və fəaliyyət planları müəyyən edilməlidir:

"Məsələn, universitetdə biz mənbəşünaslıq dərsi keçirdik. Bu dərsi öyrənərkən məntiqi olaraq hazırlaşırdıq: hər bir mövzunun kökünü, etimologiyasını, anlayışlarını və tarixini öyrənirdik, əyani vasitələrlə, maddi abidələrlə araşdırırdıq. Bu, fənni mənimsəməyə çox kömək edirdi. Təbii ki, burada məntiqi düşüncə vacib idi. Bu cür fənlər universitetlərdə tədris olunur. Xüsusilə hüquq fakültələrinə hazırlaşan tələbələr və hətta tibbi fakültələrdə də məntiqi təfəkkür vacibdir, çünki hər hansı əməliyyatı aparan həkim də yüksək təhlil qabiliyyətinə malik olmalıdır. Ümumtəhsil məktəblərində bu istiqamətdə fənlər müəyyən hazırlıq prosesi çərçivəsində yuxarı sinif şagirdlərinə təqdim oluna bilər. Bu, yalnız test sualları və məktəbdənkənar dərnəklərlə deyil, xüsusi bir fənn kimi də tədris oluna bilər və gələcəkdə mənəvi haqq qazana bilər".

QHT sədri həmçinin bildirib ki, bəzi dərsliklərdə ev tapşırıqları vasitəsilə məntiqi suallara rast gəlmək mümkündür. Uşaq yaşlarından məntiqi təfəkkürün inkişafı üçün bünövrə yaratmaq olar, amma tapşırıqlar uşağın yaşına uyğun olmalıdır:

"Bəzi suallar və tapşırıqlar azyaşlı uşaqlar üçün çətin ola bilər və onlar buna hazır deyillər. Buna görə hazırlıq dövrü vacibdir. Tapşırıqlar uşağın yaş dövrünün xüsusiyyətlərinə uyğun olmalıdır. Məktəbəqədər dövrdən başlayaraq və ümumtəhsil məktəblərində uşaq tədricən hazırlanmalıdır ki, sonradan bu suallara cavab verə bilsin. Bəzən uşaqlara elə tapşırıqlar verilir ki, hətta valideynlər də məntiqini başa düşmür. Bu səbəbdən valideynlərlə də iş aparmaq vacibdir".

 

Pərvanə Fərhadqızı