"İndi orta məktəblərdə məntiq dərsi ayrıca fənn kimi keçirilmir və təhsilin standartlarında da yoxdur. Ola bilər ki, gələcəkdə bu nəzərə alınsın. Hazırda isə faktiki olaraq mövcud deyil. Məktəblərarası bilik yarışlarında isə məktəbdənkənar dərnəklərdə bəzi məntiq fəaliyyətləri təşkil olunur, lakin hələ uşaqların tam formalaşmadığı dövrdə bu fənnin tədrisi dogru yanaşma olmazdı".

Bunu QHT.az-a Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov bildirib. Onun sözlərinə görə, yuxarı siniflərdə isə riyaziyyat və digər dəqiq elmlərlə bağlı suallar vasitəsilə məntiqi təfəkkürün inkişafı ilə bağlı mövzulara rast gəlmək olur. Universitetlərə qəbul imtahanlarında, xüsusən hüquq fakültələrinə qəbulda, test suallarında məntiqi düşüncə qabiliyyətinə əsaslanan məsələlər yer alır:

"Bugünkü dünyada qlobal informasiya axını içərisindəyik. Buna görə də ölkəmizdə məntiqi təfəkkür, analitik təhlil və düşüncə qabiliyyətlərinin inkişafı vacibdir. Lakin belə bir fənni tədris etməzdən əvvəl sual olunur: bunu kim tədris edəcək? Pedaqoji heyətin kadr potensialı buna hazır olmalıdır. Ayrı-ayrı fənn müəllimləri vasitəsilə uşaqların məntiqi bacarıqları inkişaf etdirilə bilər, amma xüsusi bir fənn yaratmaq üçün hazırlıq tələb olunur. Bu istiqamətdə işlər aparıldıqdan sonra fənnin tədrisi üçün saatlar ayrılması mümkündür. Eyni zamanda, aşağı siniflərdə riyaziyyat və ədəbiyyat fənnləri vasitəsilə də məntiqi təfəkkürün inkişafı üçün addımlar atıla bilər".

QHT sədri həmçinin bildirib ki, əsas məqsəd vətəndaş şəxsiyyət yetişdirməkdir. Biz elə vətəndaş yetişdirməliyik ki, onun təhlil qabiliyyəti, düşüncə və təfəkkürü yüksək olsun və dünya standartlarına uyğunlaşsın.

Məlumat üçün bildirək ki, 14 yanvar tarixində qeyd olunan Dünya Məntiq Günü (World Logic Day) müasir dünyada məntiqin, rasional düşüncənin və tənqidi baxışın əhəmiyyətini vurğulayan beynəlxalq gündür. Bu gün ilk dəfə 2019-cu ildən etibarən, Rio-de-Janeyro Universitetinin professoru Jan-İv Bezio (Jean-Yves Béziau)nun təşəbbüsü ilə və 32 ölkənin iştirakı ilə qeyd olunmağa başlanıb. Günün seçilməsi təsadüfi deyil: bu tarix həm məşhur məntiqçi Alfred Tarskinin doğum günü, həm də XX əsrin böyük filosofu Kurt Gödelin vəfat etdiyi gündür.

 

 

Pərvanə Fərhadqızı