Apple-ın ilk qatlanan smartfonu iPhone Duo-nun təqdimatından sonra Samsung-un Galaxy Z Fold 8 modelinə marağın artdığı bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Cənubi Koreyada iPhone Duo və Galaxy Z Fold 8-in satışa çıxarılması ilə bağlı ilkin məlumatlara əsasən, qatlanan smartfonların həftəlik satışları təxminən 10 faiz artıb. Maraqlısı isə odur ki, Apple-ın yeni modelinin təqdimatı Samsung-un qatlanan telefonunun satışlarına mənfi təsir göstərmək əvəzinə, əks nəticə verib.

Mütəxəssislər bu artımın bir neçə mümkün səbəbi olduğunu bildirirlər. Əsas amillərdən biri iki model arasındakı qiymət fərqi ola bilər.

Məlumata görə, Cənubi Koreyada Galaxy Z Fold 8-in başlanğıc qiyməti təxminən 2,28 milyon von (1 550 dollar), iPhone Duo-nun qiyməti isə 3,29 milyon vondan (2 390 dollar) başlayır. Beləliklə, Apple-ın qatlanan smartfonu Samsung modelindən təxminən 1,01 milyon von, yəni 840 dollar daha bahadır.

Galaxy Z Fold 8-in digər üstünlüyü isə Cənubi Koreyada artıq satışda olmasıdır. iPhone Duo-nun ölkədə satışa 16 oktyabrda çıxarılacağı gözlənilir.

Bundan əlavə, Galaxy Z Fold 8-in daha nazik və yüngül konstruksiyası da istehlakçıların seçimində rol oynaya bilər. İstifadəçilərin iki modeli müqayisə etdikdən sonra qiymət, ölçü və daşınma rahatlığı kimi amilləri nəzərə alaraq Samsung modelinə üstünlük verməsi ehtimal edilir.